Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb. Şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra “Avromed” şirkətinə verilib. Bakupost.az -a TƏBİB sədri olduğu dövrdə Ramil Bayramlının “Spektr Med” şirkəti vasitəsilə həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar daxil olub.
Belə ki, R.Bayramlı pandemiya dövründə vəzifəsindən sui-istifadə edərək, dövlət satınalmalarını “Spektr Med” şirkəti vasitəsilə həyata keçirib. O, TƏBİB sədri kimi laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin xarici nümayəndələri ilə şəxsən görüşərək “Spektr Med”i tərəfdaş kimi tanımalarını tələb edib. Ramin Bayramlı bunun qarşılığında həmin şirkətlərlə laboratoriya cihazları və digər tibbi avadanlıqların alqı-satqısı ilə bağlı iribüdcəli müqavilələr bağlanacağını vəd edib.
Beləliklə, pandemiya dövründə Azərbaycanda dəyəri milyonlarla dollarla ölçülən avadanlıqların alınması faktiki olaraq, Ramin Bayramlıya məxsus olan “Spektr Med” vasitəsilə həyata keçirilib.