Qazaxıstan Respublikası Baş prokurorunun müavini Jandos Umiraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan verilən məlumata görə, ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoqun mühüm rol oynadığını vurğulayıb. Cari ilin 11-12 mart tarixlərində Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xalqlarımızın qardaşlığının daha bir göstəricisi olduğu qeyd edilib.
Həmçinin, Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, 2023-cü ildə isə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu,dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.