Uzun illərdən sonra üstü açılmış 3 xüsusilə ağır cinayətin istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 1998-ci il il fevralın 7-də Qərib İbadova naməlum şəxs tərəfindən odlu silahdan atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də Ramiz Nadirovun naməlum şəxs tərəfindən tapançadan açılan atəşlər nəticəsində qəsdən öldürülməsi, 2001-ci il dekabrın 6-da isə həmin cinayətlərin icraçısı olmuş Dadaş Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktları üzrə başlanmış cinayət işlərinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən tamamlanıb.
İbtidai istintaqla 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun (sifarişçi) sifarişlə pul müqabilində 2 nəfər şəxsin qəsdən öldürülməsini təşkil etməsi, onun sürücü-mühafizəçisi işləmiş Qulu Muxtarovun isə bir qrup şəxs tərəfindən, başqa cinayəti gizlətməklə əlaqədar və təkrar adam öldürməsi, habelə başqa şəxsi qeyd olunan əməllərin törədilməsinə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, istintaqın gedişində toplanmış sübutlara əsasən, Vahid Haşımov pul müqabilində tanışı Qərib İbadovun öldürülməsini Ramiz Nadirova sifariş vermiş, sonuncu sifarişi icra etməkdən imtina etdiyi üçün Vahid Haşımov onların hər ikisinin öldürülməsini sürücü-mühafizəçisi Qulu Muxtarova həvalə edib.