Əslində, başlığa çıxardığımız bu suala tərəddüd etmədən müsbət cavab vermək olar. Hər şey ondan başladı ki, ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilov Milli Şura haqqında sərt ifadələr işlətməyə başladı. Təşkilatın az qala hər bir üzvünə təhqirlər yağdırdı. Az sonra bu qarşıdurma sosial şəbəkənin əsas müzakirə mövzusuna çevrildi.
Keçmiş “ANS”in sabiq əməkdaşı İsmayıl Cəlilov cinsi azlıqların nümayəndəsidir. Özü bunu etiraf edir. Özünü açıq şəkildə zərif cinsin nümayəndəsi kimi aparan və öz verlişlərində seksual kimliyini dönə-dönə vurğulayan İsmayıl Cəlilovun Milli Şuraya davamlı ittihamlar yağdırması çoxlarını hövsələdən çıxardı. Milli Şuradan sonradan istefa vermiş Eldəniz Quliyev də onun haqqında ictimaiyyət arasında ciddi rezonans doğurmuş fikirlər səsləndirdi. Milli Şuranın video-görüntüləri yayılmış toplantılarında da mühacir jurnalist haqqında təhqiramiz ifadələr söyləyənlər oldu.
Qəfildən heç kimin gözləmədiyi hadisə baş verdi. Milli Şuranın sədri professor Cəmil Həsənli seksual azlıqların hüquqlarının pozulmasına ciddi şəkildə etiraz etdi. Onun təzyiqi altında dünən seksual azlıqları söyən bəzi Milli Şura üzvləri cinsi azlıqların müdafiəsinə qalxdılar. Milli-mənəvi dəyərlərin qorunması baxımından mühafizəkar mövqedən çıxış edən Eldəniz Quliyevlə Cəmil Həsənli başda olmaqla cinsi azlıqların müdafiəsinə qalxan çoxluq arasında ziddiyyət daha da dərinləşdi.
Nəticədə "mərdi qova-qova...namərd oldular" deyən Eldəniz Quliyev Milli Şuradan istefa verdi. Sonra Rafiq Manaflı Milli Şuradan getdi. Namizəd Səfərov da bu təşkilatla vidalaşdı.
Bu istefalar bir daha təsdiq edir ki, Milli Şurada mövcud olan münasibətlər sağlam əsaslar üzərində qurulmayıb.
Məncə, Milli Şura üzvləri arasında münasibətlər xeyli əvvəl nəzarətdən çıxmışdı. Sadəcə İsmayıl Cəlilov məsələsi aralığı qarışdırdı və partlayış effekti verdi.
Bütün bunlarla bağlı Eldəniz Quliyevlə söhbət etmək istədim. Dedi ki, fikrim dağınıqdır, müsahibə verəcək halda deyiləm. Ancaq sənə də “yox” deyə bilmirəm. Mən də vəziyyəti nəzərə alaraq müsahibəni mümkün qədər yığcam etməyə çalışdım:
-İnanın ki, o qədər dilxoram, o qədər yorğunam ki. Cəmil Həsənlinin yazdığı status əsəblərimi tarıma çəkib. Hökumətin bata bilmədiyi topdağıtmaz Milli Şuranı Cəmil Həsənlinin şəxsi maraqları dağıtdı. Bu təşkilatın formalaşması üçün nə qədər əziyyət çəkmişdim. Dostlarla birlikdə ərsəyə gətirdiyimiz Milli Şura Əli Kərimlinin susqunluğu fonunda gözümüzün qabağında məhv olur.
Milli Şura öncə ictimai qurum idi. Bu təşkilatın siyasi quruma çevrilməsi və Cəmil Həsənlinin naşılığı bu təşkilatı dağıtdı. Bu gün daha bir nəfər (Namizəd Səfərov) Milli Şuradan istefa verdi. Təəssüf ki, bu proses davam edəcək.
Mən niyə İsmayıl Cəlilova cavab vermək zorunda qaldım? Əslində, o, mənim haqqımda elə bir şey deməmişdi. Cəmil Həsənli, Əli Kərimli və Gültəkin Hacıbəyli haqqında isə etikadan kənar xeyli şeylər söyləmişdi. Milli Şuranı və onların üzvlərini belə hücumlardan qorumaq üçün sinəmi qabağa verdim. Buna cavab olaraq da Cəmil Həsənli Milli Şuranı mənə qarşı qaldırmağa cəhd göstərdi.
Heç kim demir ki, hər hansı bir azlığın hüququnu qorumaq lazım deyil. Ancaq biz xalqımızı, onun dəyərlərini nəzərə almalıyıq. Əhalimizin az qala hamısı müsəlmandır. Bu məsələ ilə bağlı “Quran”da da deyilir. Xalqımızın bu məsələyə münasibəti son dərəcə həssasdır. Cəmil Həsənli isə heç kimə bir kəlmə demədən Milli Şura adından bəyanat verib və cinsi azlıqların müdafiəsinə qalxıb. Belə çıxır ki, Amerika Cəmil Həsənlini fırladır. O, öz iradəsi ilə bu işləri görmür.
Əslində, mən Milli Şuradan getmədim ki. Milli Şura məndən getdi. Mən əvvəl harada idimsə indi də oradayam. Mən əminəm ki, xalq onun min illik dəyərlərinə arxa çevirənlərin dalınca getməyəcək...
Bir daha deyirəm, cinsi azlıqların da hüquqlarını qorumaq lazımdır. Ancaq sən xalqın ümid etdiyi bir təşkilatın əsas məramını cinsi azlıqların hüquqları ilə eyniləşdirə bilməzsən. Bu məsələni prioritet edib önə çıxarmağın adı nədir, məqsədi, məramı nədir? Ağ şalvarda qara yamaq kimi aydın görünür ki, Cəmil Həsənli bunu özbaşına etmir. Onu belə mövqe sərgiləməyə vadar edənlər var. Ələkçinin qıl verəni qismində çıxış edən Ramiz Yunus özünü kadırlar şöbəsinin müdiri kimi aparır. Qapı cırıltısına bənzəyən səsi ilə, yalançı vətənpərvərliyi ilə də ət tökür. Bildiyim qədər, Amerika konqresinin bəzi üzvləri ilə Cəmil Həsənli arasında vasitəçiliyi o edir.