Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Qafqazinfonun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
Bu iş üzrə zərərçəkmişlərdən biri keçmiş deputat Hacı Salayevdir. O, hazırda bizneslə məşğuldur. İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.
O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da “Azərterminalkompleks”ə 390 min manat ziyan vurub.
Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.