“Biz uşağa qaşıqla verib, çömçə ilə tələb edirik”. Bu sözləri Modern.az-a müsahibəsi zamanı keçmiş təhsil naziri Misir Mərdanov deyib.
O, Qərbi Azərbaycan, təhsil, eləcə də digər mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik:
- Misir müəllim, zaman-zaman sizə “yeraz”, “ermənistanlı” deyilirdi. İndi Qərbi azərbaycanlısınız...
- Fikrimcə, doğru nədirsə, onu demək lazımdır. Əslinə qalsa “ermənistanlı”, “yeraz” adlandırılanlar Azərbaycanın Qərbində yaşayan adamlar olublar. “Yeraz” sözünü bir nəfər şəxs ortaya atdı. Əslində bu, Qərbi azərbaycanlılarda qıcıq yaradırdı. Bir sözlə, hesab edirəm ki, “Qərbi azərbaycanlı” ifadəsi daha ədalətli və doğrudur.
- Yəni “yeraz” sözünün yığışdırılması sizi sevindirdi…
- Bəli, çox sevindirdi. Şükür edirəm ki, bu ad onların hamısını birləşdirdi. Göyçəli, zəngəzurlu, dərələyəzli, qaraqoyunlu digərləri Qərbi Azərbaycan adı altında birləşdi. İcmanın tərkibində irəvanlı da, göyçəli də var, dərələyəzli də, qaraqoyunlu da. Mən bunu çox ədalətli hesab edirəm. İcma yarandıqdan sonra bu adamlarda böyük canlanma əmələ gəlib. Gündə bir neçə dəfə zəng edirlər ki, sənin orada vəzifən var, necə gələk, hara gələk? Sanki bu insanlara yeni ruh verilib. Qocasına da, cavanına da.
Qərbi Azərbaycan İcması yarandıqdan sonra Prezidentin öz doğum günündə icmanın rəhbərliyi ilə görüşüb tarixi çıxış etməsi insanlarımızda çox böyük canlanma yaratdı. Qeyd edim ki, ötən bir il üç ay ərzində çox uğurlu işlər görülüb. Beynəlxalq aləmdə baş verən hər bir hadisəyə icma reaksiya verir. İcmanın bəyanatlarına Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası reaksiya verir. Artıq dünyada Qərbi Azərbaycan İcması tanınan ictimai təşkilatdır. Ermənilər bundan çox narahatdırlar. Bu yaxınlarda Nikol Paşinyan ermənilərə deyib ki, “əgər, siz Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılmasına razı olmasanız, müharibə gözlənilir. Ola bilər ki, bu müharibədə Azərbaycan Ordusu İrəvana qədər gəlsin”.
Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. İndi biz inanırıq ki, yaxın gələcəkdə müharibə ilə yox, dinc yolla öz dədə-baba yurdumuza qayıdacağıq.
- Siz illər öncə - Qərbi Azərbaycan deportasiyasından xeyli sonralar öz ata-babanızın tikdiyi evə getmişdiniz. Orada hansı hisslər keçirmişdiniz? Bu günün olacağı ağlınıza gəlmişdimi?
- Mən 2000-ci ilin mayında Salah kəndinə, öz evimizə getmişəm. Hətta evimizdə yaşayan iki qoca erməni ilə oturub, bir yerdə çay da içmişəm. Bu günün olacağı heç ağlıma da gəlməzdi. Orada çox qəribə hisslər keçirmişdim. Həyətimizdə gəzdim, öz əlimlə əkdiyim meyvə ağaclarını gördüm. Bulağa, dədə-babalarımızın qəbiristanlığına getdim. Həyətimizdən bir torba torpaq, bulaqdan da su götürdüm. Oralar tamam dəyişmişdi. Kəndin bütün evlərində deyil, bəzi evlərində yaşlı adamlar yaşayırdı. Əminəm ki, indi üstündən iyirmi ildən çox vaxt keçəndən sonra bizim kənddə heç kim yaşamır. Prezidentin dediyi kimi, bizim tarixi yaşayış yerlərimiz niyə boş qalmalıdır? Əminəm ki, Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində yaxın vaxtlarda biz müharibəsiz öz dədə-baba yurdumuza gedə biləcəyik. Beynəlxalq təşkilatlar da ədalətli qərar qəbul edib ermənilərə təsir göstərəcək ki, bizim əhali dədə-baba yurdlarına qayıtsın.
Mən uzun müddət nazir olaraq ulu öndər Heydər Əliyevlə işləmişəm. Hər müşavirədə Heydər Əliyev çıxışına Qarabağ məsələsi ilə başlayırdı. 1999-cu ilin payızında ulu öndərin yanında keçirilən müşavirədə iştirak edirdim. Çox az sayda adamın iştirak etdiyi tədbir idi. Qarabağla bağlı dedi ki, bu daş elə bir dərin quyuya düşüb ki, onu oradan çıxarmaq çətin olacaq, ancaq çox şükür ulu öndərin layiqli davamçısı həmin daşı çıxarıb ora atanların başına çırpdı.
- Misir müəllim, icmada Qərbi Azərbaycana qayıdışla bağlı hansı işlər görülür?
- İlk növbədə çox ciddi təşkilatlanma işi gedir. Hesab edirəm ki, bütün işlərin təməli təşkilatlanmadadır. İcmanın inzibati binasında hər gün tədbirlər keçirilir. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri xatırlanıb, ölkə və dünya ictimaiyyətinə təqdim olunur, orada yaşamış nüfuzlu insanlar haqqında silsilə tədbirlər keçirilir.
Biz bu işi təkcə Azərbaycanda deyil, bütün dünyada aparırıq. Hazırda mənim qohumlarımın 70 faizi Azərbaycanda, 30 faizi Türkiyədə yaşayır. XIX-XX əsrlərdə dəfələrlə köç olub. Türkiyədəki qohumlarımı tapıb görüşmüşəm. Əvvəllər bizim tərəfdən ora gedən adamlar Türkiyənin Amasya deyilən bölgəsində yerləşiblər. Mən ora da bir neçə dəfə getmişəm. Qərbi azərbaycanlıların Türkiyədə vəzifələrdə çalışan nümayəndələri çoxdur. Biz onlarla da işləyirik, onlar da dünyaya bəyan edirlər ki, Qərbi azərbaycanlıdırlar...
Mənə elə gəlir ki, bu gün Azərbaycan əhalisinin yarıya qədəri əslən Qərbi Azərbaycandandır. Məsələn, mənim üç övladım var. Onların ikisi Qərbi Azərbaycanda doğulub, biri burada dünyaya gəlib, amma o da, nəvələrim də əslən Qərbi Azərbaycandan sayılırlar. Bizim məqsədimiz budur ki, o adamları bir çətir altında yığaq. Onların hamısı desinlər ki, biz öz dədə-baba yurdumuza qayıtmaq istəyirik. Onda nə Ermənistan, nə beynəlxalq təşkilatlar bu qədər insanın qarşısında dayana biləcək.
- Qarabağ işğalda olarkən bütün dünya azərbaycanlıları qarabağlı oldu. Sizcə, indi hamı Qərbi azərbaycanlı ola biləcəkmi?
- Doğru vurğuladınız, 30 il hamı qarabağlı oldu. Düşünürəm ki, bundan sonra bütün Azərbaycan xalqı Qərbi azərbaycanlı olacaq, biz birlikdə dədə-baba torpaqlarımıza qayıdacağıq. Ayrılsaq, uğur qazana bilmərik.
- Qərbi azərbaycanlılar hər zaman savadları ilə seçilirlər. Həkimlər, alimlərin böyük əksəriyyət Qərbi azərbaycanlılardır. Bu nədən qaynaqlanır, vaxtilə ermənilər tərəfindən sıxışdırılmaqdanmı, yoxsa bu bir SSRİ ideologiyası idi?
- Məncə, birinci səbəb onların ermənilərin əhatəsində yaşaması ilə bağlıdır. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra əsas vəzifələrdə ermənilər olub, azərbaycanlılar həmişə sıxışdırılıb. Orada yaşamaq, uğur qazanmaq üçün çalışmaqdan, oxuyub-öyrənməkdən başqa çarə qalmayıb. Digər səbəbi onda görürəm ki, oradakı insanların əksəriyyəti dağlıq ərazilərdə yaşayıblar. Dağlıq ərazidə insanların dolanışığı üçün elə də yaxşı, münbit şərait olmur. Yalnız mal-qara saxlamalıdırlar, ona da çox zəhmət tələb olunur. İnsanlar ermənilərin əhatəsində yaşamaq, açıq və gizli mübarizə aparmaq, o mübarizədən müəyyən mənada qalib çıxmaq üçün onlardan üstün olmalı idilər.
Bizim rayonun Qalumyan soyadlı birinci katibi var idi. O, hazırkı baş nazir Nikol Paşinyanla bir kəndəndir. Paşinyanın əmisi bizim rayonun tanınmış həkimi idi. O, kəndin əhalisinin sağlamlığı ilə bağlı tədbirlərdə iştirak edib. Bir rayon idi, hamı onun yanına gedirdi. Səhv etmirəmsə, bu gün Qalumyanın ya oğlu, ya da qardaşı oğlu mənim doğulduğum bölgənin rəhbəridir.
Atam danışırdı ki, o vaxt Qalumyan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı üzrə katibi idi. İrəvandan İcevana müşavirə keçirməyə gəlibmiş. Müşavirədən sonra yemək yeməyə gedəndə deyib ki, “mən çörəyi Cumayılın evində kəsəcəyəm”. Bilmirdik bu biclikdir, yoxsa Azərbaycan sevgisi...
Öz rayonumuzda və qonşu rayonlarda elə ciddi hadisələr olmuşdu ki, hamı gəlirdi atamın yanına ki, “sənin sözün İrəvanda keçir, bu məsələni həll et”. Atam bir də onu deyirdi ki, hər il aprel ayının 24-nə bir-iki gün qalmış rayondan ona zəng edirdilər ki, kənddə camaatın rayon mərkəzinə gəlməsinin qarşısını alsın. Atam ermənicə bilirdi. Danışdı ki, bir dəfə ona bir kitab göstəriblər. Kitabı oxuyub və dəhşətə gəlib. Elə şeylər yazıblar ki, kitabı oxuyan adam türkə nifrət etməliymiş. Onlar bizə “türk” deyirdilər. Mənə də dəfələrlə deyirdilər ki, “yaxşı oğlansan, təəssüf ki, türksən”.
Sual ola bilər ki, necə oldu biz oradan çıxdıq, niyə çıxdıq? Mənim atam 1918-ci ildə anadan olub. 1948-ci ildə olan bir hadisəni atam belə danışırdı ki, o vaxt bir nəfər Bakıdan, bir nəfər də İrəvandan, bir nəfər də rayon mərkəzindən gəlib. Rus dilində SSRİ Nazirlər Kabinetinin məlum qərarı oxunub. Bu qərara əsasən, yüz mindən çox Qərbi Azərbaycanlı Kürqırağı ərazilərə köçürülməli imiş.
Kənddə isə rus dilini bilmirmişlər. Kəndimizdə Paşa adlı şəxs olub, o, Tiflisdə həbsdə olarkən rus dilini öyrənibmiş. Qərar oxunandan sonra həmin kişi deyib ki, qərarı tam oxumadınız. O qərarda yazılıb ki, köç könüllülük əsasında ola bilər, məcburi yox. Bundan sonra qərara alıblar ki, üç nəfər seçilsin, Azərbaycanda bir neçə rayona gedib baxsınlar, köçməklə bağlı qərar versinlər. Həmin şəxslər gəliblər nəzərdə tutulan rayonlara, Yevlaxa, Sabirabada və İmişliyə. Qayıdıb geriyə adamları yığıb, bu rayonlarda gördüklərini danışıblar. Heç kim köçmək istəməyib. Nəticədə o zaman bizim kənddən heç kim çıxmayıb.
Mənə elə gəlir ki, bu qərarda ermənilərin əsas məqsədi ilk növbədə İrəvan ətrafındakı azərbaycanlıları çıxarmaq olub. Onları zorla, yük vaqonlarına yığaraq çıxarıblar. Həmin dövrdə Azərbaycan rəhbərliyi orada yaşayan insanlara sahib çıxmayıb.
Bizim kənddə kimin ayağı yer tuturdusa, kim ali məktəbə qəbul olunurdusa, əsgərliyə gedəndən sonra Bakı, Sumqayıt və Gəncədə qalırdı. Bunlara heç kim fikir vermədi. Ermənilər susurdular, çünki bu onlara sərf edirdi.
Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Yunis Rzayev çox tanınmış adam idi. SSRİ Ali Sovetinin deputatı, 10 ildən çox Basarkeçər və Krasnoselo rayonlarında Partiya Komitəsinə rəhbərlik etmişdi. Ermənilər onun hörmətindən, ad-sanından narahat idilər. Bu səbəbdən də onu vəzifəsindən kənarlaşdırmaq istəyirdilər.
O zaman ermənilərin dünyada tanınan akademiki Viktor Ambartsumyan onların ağsaqqalı hesab olunurdu. O da Basarkeçərdən olub. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Koçinyan Yunis Rzayevlə yaxın olub.
Ambartsumyan bir dəstə tanınan erməni ilə Koçinyanın yanına gedib ki, “Yunis Rzayevi vəzifəsindən çıxarmasan, səni buradan qovacağıq”. Beləliklə, Yunis Rzayevi vəzifəsindən kənarlaşdırırlar.
Ancaq Heydər Əliyev ona sahib çıxdı. Onu Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, sonra da Üzümçülük və Şərabçılıq Komitəsinin sədri təyin etdi.
Düşünürəm ki, Heydər Əliyevdən əvvəl Azərbaycana rəhbərlik edənlər də soydaşlarımıza sahib çıxsaydılar, belə tezliklə insanları Qərbi Azərbaycandakı yurd-yuvalarından qova bilməzdilər.
Sonuncu köçürülmə isə çox ədalətsiz və dövlət siyasəti olub. Məsələn, rayon polis idarəsinin rəisi bizim kəndə gəlib və deyib ki, “bu gecə çıxmasanız, qan töküləcək”. Hesab edirəm ki, hadisələri doğru şəkildə cəmiyyətə çatdırmaq lazımdır ki, düzgün də nəticə çıxarılsın.
- 1988-ci ildə rəsmi Bakının Qərbi Azərbaycandakı soydaşlarımıza dəstəyi birmənalı deyildi. Böyük yük maşınlarını yollayırdılar ki, tez köçün gəlin. Əslində, bunun adı Ermənistana kömək idi...