“Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanını və miqdarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:
“Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan - xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur. İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdırlar”.