Səhiyyə Nazirliyi Laçın şəhərində ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr təşkil edib
Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir. Eyni zamanda, bu tədbilər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar və təqdimatlar keçirilir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir aprelin 6-da Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən aşkarlanması” proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər göstərilib.




Aksiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Laçın rayon sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, həmçinin ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır.
Elmi-Tədqiqat Ağciyər Xəstlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb. Diaqnostik müayinələrdən döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.





