Adı korrupsiya və digər qalmaqallarda hallanan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Brüssel görüşündən dərhal sonra sərt ittihamlarla üzləşib. Necə deyərlər, “Brüssel uğuru”nu qeyd etməyə macal tapmamış ünvanına sərt korrupsiya ittihamları səslənib. İttiham isə kifayət qədər ciddidir. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının sədrini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham edib. F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları sadalayıb.
Məlumat üçün bildirək ki, az əvvəl “Liberation” nəşri də sensasiyalı sayıla biləcək ittihamlarla çıxış edib və yazıb ki, fon der Lyayen partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin edib. Qəzetin yazdığına görə, AK sədri bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib. Yaxın adamını bu posta təyin etməklə yanaşı, ona aya 20 min avro maaş təyin edilməsinə də nail olub. Qeyd olunur ki, bu, ilk belə hal deyil. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışıb.
Görünən odur ki, Avropa Komissiyası mahiyyət etibarilə korrupsiyaya uğramış bir sistemdir. Çünki böyük məbləğdə vəsait alır, genişmiqyaslı səlahiyyətlərə malikdir. Ona görə də fransalı partiya sədri ədalətin bərqərar olmasına, ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına çağırış edib. Partiya liderinin fikrincə, AK rəhbərini hakimiyyətdən uzaqlaşdırmaq və Avropa İttifaqını mümkün qədər tez məhv etmək lazımdır.
“Avropa İttifaqı dünyada ən çox korrupsiyaya uğrayan maşındır”, - deyə o fikrini tamamlayıb.
Beləliklə, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq kampaniyasında əsas rollardan birini oynayan Avropa Komissiyasının rəhbərinin özünün başı dərddədir. İttiham da kifayət qədər ciddidir. Özü də bu, Ursula fon der Lyayenə qarşı səslənən ilk ittiham deyil.
Bundan əvvəl onun koronavirus peyvəndi alınması zamanı qanun pozuntularına yol verdiyi bildirilmişdi. Bu barədə “Politico” Lyej (Belçika) prokurorluğunun nümayəndəsinə istinadən məlumat yaymışdı. Nəşrin məlumatına görə, Aİ prokurorları fon der Lyayenlə bağlı araşdırmalara bir neçə ay əvvəl başlayıb. Söhbət AK rəhbəri ilə əczaçılıq şirkətinin baş direktoru Albert Bour arasında “Pfizer” vaksinlərinin alınması ilə bağlı danışıqlardan gedir. Sənədlərə əsasən, hüquq-mühafizə orqanları “dövlət funksiyalarına müdaxilə, SMS-lərin silinməsi, korrupsiya və maraqların toqquşması” kimi sübutları yoxlayır. “Politico” qeyd edir ki, Aİ prokurorları tərəfindən fon der Lyayenə hələ də rəsmi ittiham irəli sürülməyib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Macarıstan da işə qoşularaq AK rəhbərinin vaksin danışıqlarındakı rolu ilə bağlı şikayət verib. Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ təsisatlarının acizlik və zəiflik nümayiş etdirdiyini, ittifaqın rəqabət qabiliyyətinin zədələndiyini bildirib. Məqalədə qeyd edilir ki, Polşa ötən il də analoji şikayətlə müraciət edib, lakin Baş nazir Donald Tusk hökuməti hakimiyyətə gəldikdən sonra şikayəti geri götürüb.