“Konkret olaraq bu məhsullar zərərlidir deyə biləcəyim məhsullar var. Onların bir çoxunu istehlakçılar gətiriblər, bizim ofisdə böyük bir kolleksiya var. İldə bir dəfə onları çıxarıb atıram, amma yenə də gəlməyə davam edir”. Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. “Künc-Bucaq” “YouTube” layihəsinin qonağı olan birlik sədri hər gün yediyiniz bəzi qidaların tərkibinin heç də sağlam olmadığını açıqlayıb:
“Sözügedən məhsulları bir-bir göstərə bilərəm. Hazırda satışda saxta duzlar, yağlar, ballar var. Onlar istehlakçıları aldadırlar. Ofisimizdə qapağı açılmamış su var ki, onun içində “gümüşlər” üzür.
Bu yağlar spred yağlardır, üstünə natural yağ olduğu yazılır, inək şəkli vurulur, lakin tərkibində bitki yağı var, hansı bitki yağı olduğu isə bilinmir, mənşəyi məlum deyil. Onların tərkibində palma yağı olsa da, üstünə bunu yazmır və istehlakçıdan gizlədirlər.
Bu gün satışda olan ballar var, üstünə bal yazılsa da, tərkibinin balla əlaqəsi yoxdur. İçinə cürbəcür qatqılar qarışdırılır. Bu isə şübhəsiz ki, sağlamlığa zərərlidir. Alıcı elə bilir ki, qiyməti ucuzdur, balın hansısa variantıdır, amma vəziyyət belə deyil”.