Azərbaycanda “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik olunur. Milli Məclisə təqdim olunan layihəyə əsasən tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanun layihəsində qeyd olunur ki, bu istehsal və idxal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qeydiyyata alınacaq və reyestrinin aparılması həyata keçiriləcək.
Layihədə nəzərdə tutulan tütün məmulatlarının istehsalı müəssisəsinin qeydiyyatı üçün 34 milyon manatlıq investisiya qoyuluşu tələbi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir çox mütəxəssislər bunun yeni istehsal müəssisəsinin yaradılmasının qarşısını almaq, mövcud əsas istehsalçılar üçün inhisarçı şərait yaratmaq məqsədi daşıdığını bildirirlər.
Təklifin əsaslandırmasında isə qeyd edilir ki, bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışının əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.
Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.
Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də tütün məmulatının istehsalı üçün investisiyanın məbləği ilə bağlı qoyulmuş şərtə aydınlıq gətirib. Qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti nəzərə alınıb: “Yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməli, idxal isə tənzimlənməlidir. Ona görə də ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir”.
Bundan başqa, vergi rəsmisi qeyd edib ki, tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir: “Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq”.
Sənədə əsasən, sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.
Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatlıq investisiya qoyuluşundan əlavə, vergi borcunun olmaması, tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması; keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması, həmçinin tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müəyyən olunan tələblərə riayət etməsi tələbi də qoyulur.