BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: "Aparatda işləyənlər yerində qalacaq"

Milli Məclisin sonuncu plenar iclasında “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edildi. Ölkədəki bələdiyyə subyektlərinin sayılmasını da nəzərdə tutan qanun layihəsi və ümumiyyətlə, bələdiyyə mövzusu ilə bağlı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Musavat.com-un suallarını cavablandırıb.

 

- Siyavuş bəy, qanunvericiliyə bələdiyyələrin sayının azaldılmasını nəzərdə tutan dəyişikliklərdən sonra ölkədə bələdiyyə subyektlərinin sayı nə qədər olacaq?

 

- Bu gün ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir. Bizim elə rayonlar var ki, xüsusilə də dağ rayonları - orada 100 bələdiyyə var. İşğaldan azad olunmuş rayonlarımız var ki, 147, yaxud 135 kəndi olub. Amma o kəndlərin bəzilərində 50-60 nəfər yaşayıb. Ona görə də dövlət qərar qəbul etdi ki, 900-dən artıq işğaldan azad olunmuş kəndlərin cəmi 300-də bələdiyyələr birləşdiriləcək. Yəni 3 dəfə azaldılacaq. Çünki əks təqdirdə bu kəndlərin hamısında məktəb, tibb məntəqəsi tikilməlidir, digər infrastrukturlar yaradılmalıdır, qazlaşdırılmalıdır, elektrik xətti çəkilməlidir. Bəzən görürsən müraciət olunur ki, bizim kəndə qaz çəkilməyib, biz də yuxarı təşkilatlar qarşısında məsələ qaldırırıq. Məlum olur ki, həmin kəndi qazlaşdırmaq üçün gərək 60 km-lik qaz xətti çəkilsin. Bir rayonu qazlaşdırmaq daha rahatdır, nəinki həmin kəndi.

 

- Gözlənilən budur ki, ölkə ərazisində mövcud olan bələdiyyələrin də sayı minimuma endiriləcək...

 

- Bəli. Cənab Prezidentin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə qanun layihəsi göndərildi. 3 min əhalisi və ya mindən az evi olan kəndlərdə bələdiyyələr olmayacaq, bələdiyyələr birləşəcəklər. Bir neçə xüsusi tarixə malik, iqtisadi cəhətdən əhəmiyyətli olan yerləri çıxmaq şərtilə... Məsələn, İvanovka, yaxud Xınalıq kəndləri, biz bunları birləşdirmirik. Qalan kəndlər isə birləşəcək. 1606 bələdiyyənin demək olar ki, üçdə ikisi birləşəcək. Təxminən 500 civarında bələdiyyə qalacaq.

 

- Yəni sovet dövrünün “sovxoz”larına bənzər bir sistem?

 

- O zaman sovetliklər yaranırdı. İndi də kəndlər birləşəcək, ən böyük bələdiyyənin, ən çox əhalisi olan kəndin adı veriləcək ki, ədalətsizlik olmasın və mərkəz müəyyənləşəcək. Amma digər kəndlərdən də bələdiyyəyə mütləq namizədlər olacaq və üzv seçiləcəklər.

 

- Bəs bələdiyyələrin sayının azaldılması qaydası ölkədə işsizlərin sayının azaldılmasına gətirib çıxarmayacaqmı?

 

- Xeyr. Aparatda işləyənlər yerində qalacaq. Tutaq ki, vergi yığanlar, digərləri. Biz digər kəndlərdəki bələdiyyə üzvlərini də nəzərə alacağıq. Burada bir yaxşı cəhət də var ki, bu səlahiyyət parlamentə verildi. Yəni ki, onlar parlamentə müraciət edir, bələdiyyələrin birləşdirilməsi və yeni parlamentin yaranması parlamentin səlahiyyətinə aiddir. Bu prosesdəki müzakirələrdə də hər bir rayonun və kəndlərin nümayəndələri iştirak edəcək. Deputatları da burada olacaq və onlar öz fikirlərini bildirəcəklər. Beləliklə, bu məsələlər şəffaf şəkildə öz həllini tapacaq. İndi biz bələdiyyə üzvlərinin sayı ilə əlaqədar işləyirik ki, say nə qədər müəyyənləşsin. O məsələ də yaxın vaxtlarda qanunvericilikdə öz həllini tapacaq.

 

- Bir neçə gün öncə qardaş Türkiyədə bələdiyyə seçkilərinin necə yüksək səviyyədə, aktiv mübarizə şəraitində keçdiyini hər birimiz izlədik. Yəqin qanunvericiliyə məlum dəyişikliklərdən sonra bizdəki bələdiyyələrin statusunun da artırılması gündəmə gələcək, eləmi?

 

- Təbii ki. Bələdiyyələrin sayı azaldıqca statusu artacaq.

 

- İcra hakimiyyətləri və bələdiyyələr... Bu, paralel idarəçilik məsələsi haradək davam edəcək?

 

- Bu məsələni referendumda həll edə bilərik. Bilirsiniz ki, regional idarəetmənin formaları tətbiq olunur, Prezidentin səlahiyyətli nümayəndələri var. Biz bununla əlaqədar dinləmələr keçirməyə hazırlaşırıq: “Azərbaycanın regional inkişafı, dünəni, bu günü və gələcəyi” mövzusunda. Yəqin ki, aprelin sonu, mayın əvvəllərində bizim komitə böyük bir konfrans keçirəcək ki, idarəetmə sisteminin təkmilləşdirilməsində nəyə üstünlük verilməlidir. Hazırda üç sistem var: Prezidentin səlahiyyətli nümayəndəsi, rayon, şəhər icra hakimiyyətinin başçısı və rayon, şəhər bələdiyyəsi. İndi bunun effektivliyini təmin etməkdən ötrü hansı addımlar atılmalıdır? Bu idarəetmə sisteminin özü də Konstitusiyada təsbit olunub. O baxımdan müəyyən bir qərar qəbul olunduqdan, ancaq referendum yolu ilə Konstitusiyada dəyişikliklər edildikdən sonra bu məsələlər öz həllini tapa bilər.

 

- Siyavuş bəy, bu məntiqlə Milli Məclisin üzvlərinin sayı məsələsi də referenduma qalır və deməli, ən azı budəfəki seçkilər ənənəvi qaydada keçiriləcək, eləmi?

 

- Bəli. Seçki sisteminə dəyişikliklər də eləcə. Hazırda seçkilər sırf majoritar seçki sistemi ilə keçirilir. Seçki sisteminə dəyişiklik də referendumla həllini tapa bilər. Odur ki, nə proporsional seçki sisteminin tətbiqi, nə də deputatların sayının artırılması məsələləri qarşıdakı seçkilərdə nəzərdə tutulur.

Tarix: 10 Aprel 2024, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin