Qarabağ müharibəsində aldığı travma nəticəsində qulaqlarında ciddi problem yaranan üçüncü qrup əlilliyi olan şəxsin eşitmə aparatı ilə tam təminatı həyata keçirilmir. Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir sakini 59 yaşlı Nəcəfəli Sadıqov eşitmə aparatı ilə təmin olunsa da, onun işlək vəziyyətə gətirilməsi üçün üç aydan çoxdur gözləmək məcburiyyətində qalıb.
N.Sadıqov hər iki ildən bir dövlət tərəfindən eşitmə aparatı ilə təmin edilib. 2023-cü ilin dekabrında da Əlilliyi olan şəxslərin bərpa mərkəzinə müraciət edərək yeni aparat alıb. Oradan Nəcəfəli Sadıqova bildirilib ki, aparatı işlək vəziyyətə gətirmək üçün paytaxtdakı eşitmə və nitq mərkəzinə getməlidir.
Mərkəzdə deyilib ki, hazırda aparatı işlək vəziyyətə gətirmək mümkün deyil. Özləri çağıranda yenidən Bakıya gələrək məsələni həll edə bilər. Bu ilin əvvəlində isə Nəcəfəli Sadıqov mərkəzə dəvət edilib.