13 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb, “Bakı Prosesi”, təhsil və humanitar sahələrdə irəli sürülmüş təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Misirin namizədinin seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər barədə tövsiyələrimiz təqdim edilib.