Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək? “Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb. Balıqçılar İttifaqının sədri Əfqan Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, artımın səbəbi bu sahəyə diqqət ayrılmasıdır: “Son illər qanunsuz balıq ovu ilə mübarizə və balığın populyasiyası zamanı qadağalara əməl olunmasına görə, Xəzərin Azərbaycan sektorunda və daxili su hövzələrində az da olsa artım müşahidə olunur. Balıq yetişdirilməsi sahəsində artımın olmasını sənaye və həvəskar balıqçılardan da öyrənirik. Hər iki sahədə balığın sayı artıb. Son illər balıqçılıq sahəsinə müəyyən diqqət göstərilir. İllərdir insanları təşviq edirik, daxili su hövzələrinə balıq körpələri buraxırıq. Keçən il ilk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq”.
Ə.Əliyevin sözlərinə görə, bu sahədə imkanlarımız çox genişdir, amma nəzərə alınmalı məqamlar var: “Ümumi götürdükdə ziyad, sazan kimi balıqların populyasiyasının çoxaldılması üçün ən əlverişli ərazi Xəzərin Azərbaycanın cənub hissəsinə düşən bölgəsidir. Qanunsuz balıq ovu ilə mübarizə, artım dövründə qadağalara yenidən baxılması çox vacibdir. Çünki bu, ölkəmizdə əsasən sovet dönəmindən qalma qadağalardır. Bir neçə ildir havaların isti keçməsi ilə əlaqədar balıqların populyasiya vaxtı ilin əvvəlinə doğru dəyişib. Əvvəl kürütökmə dövrü aprel, may, iyun aylarına təsadüf edirdi. İndi mart, aprel ayına düşür. Bu səbəbdən qadağaların da vaxtı dəyişdirilməlidir”.
Müsahibimizin fikrincə, balıqçılığın inkişaf etməsini istəyiriksə, bu sahə hansısa qurumun tərkibində olmalıdır: “Balığa maraq çoxdur, amma balıqçılığa diqqət böyük deyil. Yəqin ki, gec-tez Azərbaycanda balıqçılığa aid dövlət qurumu yaradılacaq. Yaxud, bu işi Kənd Təsərrüfatı Nazirliyi üzərinə götürə bilər. Hazırda balıqçılığın inkişaf etdirilməsini heç bir nazirlik öhdəsinə götürmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tam diqqət ayıra bilmir. Onlarda mütəxəssis demək olar ki, yoxdur. Balıqçılığı inkişaf etdirsək, həm nərə, həm ziyad kimi balıq növlərini ixrac edə bilərik. Hazırda İran yeganə ölkədir ki, ziyad balığını digər ölkələrə ixrac edir. Amma Azərbaycanın da iqlimi bunun üçün çox əlverişlidir”.