2011-ci il oktyabrın 31-də Bakının Xətai rayonu, NZS qəsəbəsi Sovxoz küçəsində qətl hadisəsi baş verib. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunurlar. 1974-cü il təvəllüdlü İlkin Qurbanovun meyiti 1 nömrəli evin 2-ci blokunun girişində tapılır. Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İlkin Qurbanovun bədənində 12 ədəd bıçaq yarası aşkar edilir.
11 ildən sonra, 2022-ci il avqustun 22-də Penitensiar Xidmətdən istintaq orqanına göndərilən məktubda göstərilib ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi müəyyən olunub.
Avqustun 26-da Baş Prokurorluq və DİN-i məlumat yayıb ki, 2011-ci il oktyabrın 31-də üzərində zorakılıq əlamətləri ilə İlkin Qurbanovun meyitinin aşkar edilməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1961-ci il təvəllüdlü Firudin Məmmədovun sifarişi ilə Əhəd Salahov evinin yaxınlığında bıçaqla çoxsaylı xəsarətlər yetirərək, İlkin Qurbanovu öldürüb. İstintaq materiallarına əsasən hadisədən bir müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhərinin Xocalı prospektində, avtomaşında sol dirsək oynağını bıçaqla kəsərək intihar edib. Avqustun 24-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhəd Salahov şübhəli şəxs qismində tutulub.
Pravda.az Lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.
Qətlin törədildiyi bıçaq
İstitnaqla müəyyən edilib ki, Əhəd Salahov dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazanmış, şəxsiyyətinə pərəstiş etdiyi Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb. Bu zaman F.Məmmədov tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Cavab olaraq Əhəd Salahov təmənnasız sifarişi yerinə yetirəcəyini söyləyib. Cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədi ilə, oktyabrın ikinci yarısında, dəqiq məlum olmayan tarixdə Firudin Məmmədov ona İlkin Qurbanovun fotoşəklini və başqa şəxsin adına rəsmiləşdirilmiş mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi insanın yaşadığı küçəni göstərib. Bir neçə dəfə İlkin Qurbanovun yaşadığı əraziyə gedib, cinayətin törədilməsini başa çatdırmaq və hadisə yerindən qaçıb yayınmaq üçün əlverişli istiqamət və səmtləri öyrənməklə, hazırlıq işlərini görüb. Oktyabrın 31-i saat saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında gözlədiyi mövqedən hərəkətə başlayıb, evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda, arxadan hücum edərək, Qurbanovun kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə, Əhəd Salahov zərərçəkmişi həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Əhəd Salahov bildirib ki, Nizami rayonu, Çobanzadə küçəsi ev 25 mənzil 22-də anası ilə yaşayıb. Orta məktəbi bitirəndən sonra hərbi xidmətdə olub:
“Qayıdandan sonra, fərdi qaydada elektrik ustası işləyirdim, kikboksinglə məşğul olmuşam. Firudin Məmmədovu 2005-ci ildə, əsgərliyə getməmişdən əvvəl, Rövşən adlı tələbəsi olmuş şəxsin vasitəsilə tanımışam. Firudin müəllimə bir din adamı, ağsaqqal insan kimi hörmətim getdikcə artdı, atalıq etməklə, mənə dəyər verdi. Firudin Məmmədov İslam Universitetində dekan işləyirdi, mənim kimi Nizami rayonunda yaşayırdı. Tez-tez ona baş çəkirdim. Ailə üzvləri olmuş arvadı və 2 oğlu ilə tanış olmuşdum. Firudin Məmmədovun ölümündən sonra, evində təmir işi görən zaman onun arvadı Səkinənin bacısı qızı Hürünü görüb, bəyənmişəm. 2016-cı ildə onunla evləndim. O vaxta qədər qeyri-rəsmi Tahirə Xuduyeva ilə yaşayırdım. 2011-ci ildə Firudin Məmmədov mənə bir neçə dəfə adam öldürə bilib-bilməyəcəyini soruşanda, hədsiz məhəbbətim olduğuna görə onun xətrinə istənilən şəxsi öldürməyə hazır olduğumu dedim. Hadisədən bir həftə əvvəl Firudin müəllim məni yaşadığı evinə çağırıb ilk dəfə olaraq açıq şəkildə, səbəbini açıqlamadan İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirdi. Həmin şəxsi heç vaxt görməmişdim.
Əhəd Salahov
Yadımdadır ki, razılıq verəndən sonra Firudin İlkinin hansısa toy məclisində çəkilmiş fotoşəkilini göstərdi. Birlikdə taksi ilə NZS qəsəbəsinə getdik. Avtomobil hərəkətdə ola-ola İlkinin yaşadığı evi göstərdi. Bundan sonra bir, yaxud iki dəfə özüm cinayətə hazırlaşmaq məqsədilə həmin ərazini gəzərək, Qurbanovun əsas yoldan piyada gələcəyi və mənim gizlənə biləcəyim yerləri dəqiqləşdirib. Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün mənə yeni mobil nömrə vermişdi. 15, ya 20 manata “20 Yanvar” dairəsinin yaxınlığında, dükanlardan birində açılıb-bağlanan bıçaq alıb, hadisə gününə qədər evdə saxladım.
Oktyabrın 31-də telefonla danışanda, Firudin İlkini evdən çıxardıb, özü ilə harasa aparacağını və qayıdanda, evinin yanında, mənə göstərdiyi küçədə taksidən düşürəcəyini dedi. Plana əsasən, bıçağı gödəkçəmin cibinə qoyub evdən çıxdım və dostum Anar Mansurovla görüşərək, ondan sadə modelli mobil telefonunu aldım. Qayıdıb, özümə məxsus telefonu işlək vəziyyətdə evdə qoydum. Bunu etməkdə məqsədim cinayətin izini itirmək və guya, evdə olmağım barədə mənzərə yaratmaq idi. 30 nömrəli avtobusla NZS qəsəbəsinə gələrək, orada yeni nömrəni Anardan götürdüyüm mobil telefona yerləşdirdim və zəng edib, Firudin Məmmədova artıq hadisə yerində olmağım barədə məlumat verdim. Xeyli vaxt keçəndən sonra markasını və rəngini xatırlamadığım avtomobil məndən təxminən 20 metr aralıda dayandı və İlkin Qurbanov maşından düşdü. Həmin an Firudin zəng edib, mənə həmin şəxsin gəldiyini dedi. Bundan sonra təxminən 100 metr İlkinin ardınca getdim”.
Aralarındakı ara məsafəni azaldıb ona yaxınlaşaraq, bıçağı çıxarıb hazır vəziyyətdə sol əlində tutub. Ətraf qaranlıq olub. Arxadan, ilk zərbəni üstdən aşağı kürək nahiyyəsinə vurub. İlkin ona tərəf çevrildikdə, dərhal sinəsinə və qarnına ardıcıl bıçaqla zərbələr endirib. Yerə yıxılan şəxs ona tərəf təpik ataraq, yaxınlaşmasına mane olub, həmçinin qışqıraraq, kömək istəyib: