Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdirdi. Ölkələr bir-birlərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. “Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu. Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşır: Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq?
Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 22 may tarixində “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən videokonfransın 1-ci panelində ekologiya və turizm sahəsi ilə bağlı bir çox vacib məqamlara toxunulub.
Onlayn konfransda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Gəncə şəhər İHB-nin birinci müavini Səməd Tomuyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türkiyənin tanınmış Haber Global xəbər kanalının rəhbəri Məmməd Gülməmmədov, Yoga Shahi Mərkəzinin təsisçisi Sabina Shahi və Selcuk Universitetinin Turizm fakültəsinin dekanı Necmi Uyanık iştirak edib.