Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikanın keçmiş maliyyə naziri Rəfael Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Sabiq nazir 145 milyon manata yaxın yeyintidə suçlanır.
O, ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, istər 2020-ci ilədək Naxçıvan MR-in Gömrük Komitəsində çalışdığı dövrdə, istərsə nazir vəzifəsini tutanda maaşından əlavə paketdə pul alıb. Rəfael Əliyevin sözlərinə görə, Naxçıvan MR Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə hər ay maaşından əlavə, ayrıca zərfdə ona 1500 manat verilib. Nazir olduğu dövrdə isə aylıq rəsmi maaşı 2 min 300 manat, paketdə aldığı pulun məbləği 15 min manat olub. Rəfael Əliyev deyib ki, hər ay 15 min manatı Seymur Talıbov ona sürücüsü vasitəsilə göndərib. Rəfael Əliyev hakim qarşısında tək deyil. O, nazir təyin ediləndən sonra Gömrük Komitəsində onun vəzifəsini tutmuş Mansur Əsgərov ilə birlikdə çıxarılıb. Məhkəmədə prokurorun elan etdiyi ittiham aktında Gömrük Komitəsində 2016-2022-ci illərdə yeyinti və korrupsiyadan, eləcə də Rəfael Əliyevin maliyyə naziri olduğu dövrdəki mənimsəmələrdən söz açılır.
Rəfael Əliyevə 144 milyon manatlıq ittihamın 3 milyondan bir qədər çox hissəsi onun çalışdığı 2 ilə aiddir. İddia olunur ki, müxtəlif dövlət strukturlarında mənimsənilən vəsaitin 10 faizi Maliyyə Nazirliyinə çatıb. Bu səbəbdən nazirlik də dövlət orqanlarındakı on milyonlarla manat yeyintiyə göz yumub.
Məhkəmədəki ifadəsində Rəfael Əliyev Gömrük Komitəsindəki fəaliyyətindən danışıb, deyib ki, bu sistemdə 2009-cu ildən işə başlayıb.
Onun sözlərinə görə, gömrükdə həm böyük yük üçün, həm də sərnişinlərin gətirdikləri yüklərə görə pul alınıb. Sərnişin və yük şöbələri ayrı olduğundan hər istiqamət üzrə toplanmış vəsait də həmin şöbənin rəhbərinə çatdırılıb. Rəfael Əliyev bildirib ki, şöbə rəisləri də öz növbələrində pulu idarə rəisinə verib. Son nəticədə isə toplanan pullar Gömrük Komitəsi sədrinə ötürülüb.
“Mənə gətirilib verilən pullar arasında həm dollar olurdu, həm də manat. Manatları da dollara çevirib komitənin sədrinə verirdim”, - Rəfael Əliyev məhkəmədəki ifadəsində belə deyib.
Nazir vəzifəsinə təyin olunandan sonra baş verənlərə gəlincə, o deyir ki, ayrı-ayrı dövlət orqanlarında qiymətlərin şişirdilməsi, bu yolla büdcə vəsaitlərinin yeyilməsi hallarını üzə çıxarıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovu bilgiləndirib. Seymur Talıbov problemin çözüm yolunu o qurumların hər birindən mənimsənilən məbləğin 10 faizini almaqda görüb. Təqsirləndirilən Rəfael Əliyev deyir ki, bu göstərişə də əməl edilib.