Astara rayonunda 1996-cı il təvəllüdlü Tahir qısqanclıq zəminində yaranan mübahisə zamanı həmyerlisi Ayazı (adlar şərti verilib - red.) öldürüb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tahir 1 may 2023-cü ildə Astara rayonunun kəndində ailəsi ilə birgə yaşadığı yaylaq sahəsində təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib.
Tahirin arvadı Aytacla evdə tək qalan Ayaz ona sataşıb, onunla intim münasibətdə olmaq istəyib. Meşədən qayıdan Tahirə arvadı baş verənləri danışıb. Tahir qisas almaq niyyəti ilə Ayazı öldürmək qərarına gəlib. Yaylaqdan çıxaraq qohumunun obasına tərəf gedən Ayaza zəng edib və yalandan meşə ərazisində mal-qaraya canavarın hücum etdiyini bildirib.
Ayazı köməyə çağırdıqdan sonra onun dərəyə tərəf gələcəyinə əmin olub. Həmin yerə kəsə yolla gedərək Ayazla qarşılaşıb. Arvadına sataşdığı üçün mübahisə edib, əvvəlcədən götürdüyü balta ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ayaz aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünün Ayazla münasibəti həmişə yaxşı olub: “Hərbi xidmətdən qayıtdıqdan sonra münasibətimiz yavaş-yavaş daha da yaxşılaşdı. Onunla təsərrüfat işlərində işləmişik, heyvandarlıqla məşğul olmuşuq. Mən Ayazın qoyunlarına baxmışam. Buna görə şəriklik etmişik.
Ayaz dedi ki, 30 qoyun doğduqda onun balalarını aramızda iki paya böləcəyik. Bundan başqa, iribuynuzlu heyvanlarını da baxmağım üçün gətirdi. Lakin onlara baxdığıma görə mənə heç bir şey vermədi. Sonradan bütün təsərrüfat işlərini idarə etməyi mənə tapşırdı. Dedi, buna görə əlavə hörmət edəcək, lakin etmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ayazla üç il işlədikdən sonra qoyunları təhvil verib, evinə gedib: “Məndən sonra Ayaz təzə çoban tutdu. Amma dörd ay işlədikdən sonra çoban getdi. Ayaz bizə gəlib dedi ki, mənə kömək elə, heyvanlara bax, yayda onları satacağam. Heyvanları bizdə qoydu. Bu hadisə keçən ilin martında olmuşdu.
Sonra mən daş karxanasına işləməyə getdim. Ayaz gəlib heyvanlarını bizdən apardı. Daş karxanasından qayıtdıqdan sonra Ayaz yenə də heyvanlarına baxmağımı təklif etdi. Amma onunla razılaşmadım. Ayaz “gəl, heyvanları satım sənə” - deyə təklif etdi. Mən də heyvanların hamısını almağa imkanımın olmadığını, 20 baş qoyun ala biləcəyimi bildirdim.
Ayazdan 20 baş qoyunu aldım. Bu zaman o, təklif etdi ki, 10-15 baş qoyununa baxım, onun da evində qalım. Bu təkliflə razılaşdım. Düşündüm ki, payıza kimi qalıb, sonra öz qoyunlarımı da satıb, özümə ev tikdirərəm.
Ayaz təklif etdi ki, qalx yaylağa, evimdə qal, heyvanlara orada bax. Mən də yoldaşım ilə birlikdə Ayazın yaylaqda olan evinə qalxdım”.
Tahirin sözlərinə görə, iki ay həmin yerdə qalıblar, ora isə gələn-gedən olmayıb: “Sonradan Ayaz ora gəldi, usta çağıraraq tövlə tikdirdi. Həmin vaxtlar usta da, Ayaz da orada qalırdı. Sonra qardaşım, yeznəm və atam da gəldilər. Qardaşım toya getmək üçün yaylaqdan çıxdı, yoldaşı, körpə uşağı, Ayaz orada qaldı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü birlikdə işləyiblər, özü çıxıb meşəyə heyvanların dalınca gedib: “Ayaz isə orada qaldı, taxta kəsdi. Usta dedi, Ayaz, gəl birlikdə gedək, sonra maşın olmayacaq getməyə. Ayaz isə getmədi. Mən dağdan heyvanları gətirməyə getdim.
Ayaz həmişə mənim evimdə olub, ondan belə hərəkət gözləməzdim. Təxminən 40 dəqiqə sonra qaldığımız yerə qayıtdım. Gördüm, arvadım ağlayır, qapı isə açıqdır. Ondan nə baş verdiyini soruşdum. Ayazın ona sataşdığını dedi. Mən buna inana bilmədim. Dedim, gözlə, heyvanları bağlayıb gələcəyəm.
Heyvanları Ayazın sahəsinə buraxdım, ona zəng vurdum. Dedim ki, heyvanlara, deyəsən, canavar hücum edib. Bu adla onu əraziyə çağırdım. Onunla təpədə rastlaşdıq”.
Təqsirləndirilən şəxs deyib ki, Ayazdan arvadına niyə sataşdığını soruşub: “Dedi, məndən belə bir şey gözləyirsən? Sonra mənimlə mübahisə etdi. Dedi, sən özündən çox razısan, özünü tutmusan, məndən uzaqlaşmaq istəyirsən.
Ayaza daş karxanasında daş atıb gəldiyimi, nə ilə özümü tutduğumu dedim. Ayaza arvadımın onun qızı yaşda olduğunu, özünün də ailəsinin olduğunu dedim. Ayaz qayıtdı ki, mənim ailəmin adını çəkmə. Mübahisə zamanı Ayaz “bu günə kimi kiminlə istəmişəmsə, onunla cinsi əlaqədə olmuşam, bundan sonra da belə olacağam” dedi.
Ayazın əlində çomaq vardı, məndə isə balta. Dedim, sənin qohum-əqrəban bunun üçün səninlə işləmir. Ayaz əlindəki çomaqla başıma vurdu. Zərbə mənə dəymədi”.
Tahirin sözlərinə görə, daha sonra Ayazı tutub, gödəkçəsi əlinə keçib, onu aşağı itələyib:
“Bundan sonra balta ilə vurdum. Yıxılandan sonra telefonunu götürərək sındırdım, meşəlik ərazidə basdırdım. Daha sonra evə gəldim, quzuları ayırdım. Yaşadığım yerdə elektrik olmadığından və telefonumda enerji tükəndiyindən Əlinin komasına getdim. Orada telefonumu elektrik enerjisinə qoşdum, sonra evə gəldim. Səhəri yavaş-yavaş mənə zənglər gəldi. Qorxduğumdan Ayazı öldürməyim barədə heç nə demədim. Sonradan polis şöbəsində etiraf etdim.
Balta ümumiyyətlə həmişə özümdə olub. Meşəyə, dağa gedəndə özümlə aparmışam.
Sonuncu hadisə zamanı düşündüm ki, Ayaz mənim bildiyim hərəkəti edibsə, balta ilə onu öldürəcəyəm. İlkin zərbəni vurarkən əlbəyaxa olmuşuq. Səhv etmirəmsə, zərbəni boğazına vurdum. Bu zərbədən yerə yıxıldı. Yıxılandan sonra ona bir-iki zərbə də vurdum. Amma harasına dəydiyini bilmədim.