Cəlilabad rayonunda 2003-cü il təvəllüdlü Həsən qısqanclıq zəminində yaranan münaqişə zamanı 1998-ci il təvəllüdlü həmyerlisi Eldarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. Həsən ötən il sentyabrın 4-də gecə saat 1 radələrində yaşadığı evdə bacısı Səlimənin mobil telefonunda Eldarla sevgi mövzusunda yazılmış ismarıcları görüb. Qısqanclıq hislərinin təsirindən o, Eldarı öldürmək qərarına gəlib. Evdə saxladığı ov bıçağını şalvarının cibinə qoyub. Səhər saat 10.30-da yaşadığı evdən çıxıb və dostu Valehlə görüşüb.
Həsən Valehlə birlikdə Eldarı Səlimə ilə birgə işlədiyi “Real” mağazasından çağırıb. Birlikdə mağazanın yaxınlığından axan Göytəpə çayının kənarına gediblər, orada yumruq və ayaq zərbəsi, eləcə də üzərində gəzdirdiyi bıçaqla Eldara çoxsaylı zərbələr endirib.
Eldar xəstəxanaya çatdırılıb, tibbi yardım göstərilməsi səbəbindən onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 4-də saat 1 radələrində Səlimə ilə evin həyətində əyləşən zaman bacısının “Redmi” markalı mobil telefonuna ardıcıl ismarıclar gəldiyini görüb. Gecə vaxtı ismarıclar gəlməsindən əsəbiləşərək telefonu bacısından tələb edib:
“Telefonu stolun üzərindən götürsəm də, kiliddə olduğu üçün aça bilmədim. Bacımdan kilidi açmağı tələb etdim, amma açmadı. Bir neçə dəfə şifrəni təsadüfən yığaraq kilidi aça bildim.
Sosial şəbəkəyə daxil olub bacıma Abbasov soyadlı şəxsin sevgi mətnli ismarıclar yazdığını gördüm. Əsəbiləşib bacımın sifət nahiyəsinə bir neçə şillə vurdum. Anam və qardaşım gələrək bizi sakitləşdirməyə çalışdılar.
Bacımdan Abbasov soyadlı şəxsin kimliyini soruşduqda, həmin şəxsin “Real” mağazasında birlikdə işlədikləri Eldar olduğunu, aralarında həqiqətən sevgi münasibətlərinin yarandığını dedi. Bacımın özünün və ailəmizin çətin vəziyyətində sevgi münasibətləri yaşamasını qəbullana bilmədim”.
Həsənin sözlərinə görə, Eldarın qeyrətlərinə sataşdığı üçün onu öldürməklə cəzalandırmaq qərarına gəlib: “Bu hadisəyə qədər Eldarı tanımamışam, qohumluq əlaqəmiz, düşmənçiliyimiz və ya ədavətimiz olmayıb. Əsəbi olduğum üçün yata bilmədiyimə görə dostum Valehə zəng edərək onu çağırdım.
Bir neçə dəqiqə sonra Valeh gəldi. Yaşadığım evin yerləşdiyi küçədə söhbət etməyə başladıq. Valehə Eldarın Səliməyə əxlaqsız təklif etdiyini, onunla sevgi münasibətlərində danışdığını, buna görə onunla söhbət etməli olduğumu dedim. Valeh artıq gec olduğunu, səhər açıldıqda Eldarla söhbət edə biləcəyimizi söylədi. Ayrılıb evlərimizə getdik”.
Həsən qeyd edib ki, həmin gün səhər saatlarında Eldarı öldürmək məqsədi ilə evdə saxladığı qatlanan bıçağı götürüb və şalvarının sağ cibinə qoyub:
“Bundan sonra Eldara “İnstagram” sosial şəbəkəsindən zəng edərək görüşmək istədiyimi dedim. O, işlədiyi mağazada olacağını söylədi. Sonra Valehə zəng edərək Eldarla görüşəcəyimi bildirdim. Valeh görüşə birlikdə getməyimizi məsləhət gördü. Küçəyə çıxdıqda Valeh yanıma gəldi, “Real” mağazasına doğru addımladıq.
Eldar mağazanın arxa tərəfində əyləşərək əlindəki mobil telefonla məşğul idi. Yaxınlaşıb kim olduğunu soruşdum. O da axtardığım şəxsin özü olduğunu təsdiqlədi. Valehlə birlikdə hər ikimiz onunla salamlaşdıq, söhbət etmək, aramızda olan məsələni aydınlaşdırmaq üçün onu mağazanın yaxınlığından axan Göytəpə çayının yaxınlığına dəvət etdik. Üçümüz birlikdə çayın kənarına getdik. Söhbət etməyə başlayanda Valeh bizdən 1-2 metr aralı məsafədə dayanmışdı.
Nəyə görə Eldarın bacıma nalayiq ifadələr yazdığını soruşdum. O, bacımla heç bir şəxsi münasibətlərinin olmadığını bildirdi. Mən Eldara yazdığı ismarıcları şəxsən özümün oxuduğumu, bunun onların arasında şəxsi münasibətlərin sübutu olduğunu bildirdim. Bu söhbətimiz təxminən bir dəqiqə davam etdi”.
Həsən bildirib ki, Eldar bacısı ilə aralarında sevgi münasibətlərini inkar etdikdə onunla söhbətin mənasız olduğunu görüb: “Əvvəlcədən nəzərdə tutduğum planı icra etməyə başladım. Yumruqla Eldarın baş nahiyəsinə və ayaqla bədəninə zərbələr endirdim. Sonra cibimdən bıçağı çıxardım və bağlı vəziyyətdə olan bıçağın dəstəyinin arxa tərəfi ilə başına bir neçə zərbə vurdum. Bu zərbələrdən o, yerə yıxıldı. Yerdən ayağa qalxmağa çalışsa da, yenidən onun baş və bədən nahiyələrinə ayaq zərbələri vurdum ki, qalxa bilməsin.
Eldar səhhəti ilə bağlı başında problem olduğunu bildirdi, zərbələr endirməyimi dayandırmağımı xahiş etdi, amma yalvarışlarına məhəl qoymadım. Bıçağın tiyəsini açıb Eldarın baş və bədən nahiyələrinə çoxsaylı zərbələri endirdim. Baş və bədəninin yuxarı hissələrinə vururdum ki, asanlıqla öldürə bilim.