Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sümbülə Əliyeva hakimlərə etiraz edib.
S. Əliyeva etiraza səbəb kimi məhkəmə istintaqı zamanı onun verdiyi vəsatətlərin təmin edilməməsini və işin obyektiv aparılmamasını göstərib: "Məhkəmə istintaqı zamanı əlavə şahidlərin və maliyyə sənədlərinin araşdırılması barədə vəsatətlər verdim. Hakim Mahmud Ağalarov isə bu vəsatətləri təmin etmədi, sənədləri araşdırmadan çıxışlara keçid etdi. Əgər məni cəzalandırmaq istəyirsinizsə, güllələnmə cəzası verin. 40 ildir vəkiləm belə araşdırma aparılan məhkəmə prosesi görməmişəm".
Daha sonra Sümbülə Əliyeva məhkəmədə iştirak etməmə səbəbini açıqlayıb: "Məhkəmədə olanlar məni stresə saldı. Hətta əməliyyat olundum. Gəlmədiyim proseslər barədə hakimin köməkçisinə səhhətimlə bağlı hər dəfə sənəd göndərirdim. Təqsirləndirilən şəxs xəstə olanda onun barəsində həbs qətimkan tədbiri seçilmir. Onun verdiyi sənədlər yoxlanılır. Bəlkə mən yalandan deyirəm. Bütün bunlara görə də işimi araşdıran hakimlər - Mahmud Ağalarov və Samir Əliyevə etiraz edirəm".
Hakimlər müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.