Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.