Xəbər verdiyimiz kimi Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəbə olmuşdu. Ölümündən sonra da mərhumun verilişlərdə dediyi fikirlər sosial şəbəkələrdə yayımlanaraq müzakirələrə səbəb oldu. Bəziləri onun bu vəsiyyətinə əməl olunub-olunmadığı ilə maraqlandı. Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı Cavanşir Məmmədovun ölümünün onu sarsırtdığını bildirib:
“Kimsə bir başqasının arxasınca danışırsa, onun günahlarını yuyur. Bir şəxsin arxasınca danışırsansa, onun eybini açırsansa, hansısa hərəkətini başqalarına deyirsənsə, onun günahlarını yumuş olursan. Hər kəs öz həyatına baxmalı və öz həyatını yaşamalıdır.
Cavanşir Məmmədovun rəhmətə getməsi məni sarsırtdı. Mən Cavanşir müəllimi həmişə çalışan görmüşəm, daim ailə üçün işləyib. İnsan ailəsi, övladları üçün çalışır, heç kəs yalnız özünü düşünmür. Cavanşir müəllimin malı kimə qaldı ki, nə qədər çalışmışdısa, elə öz övladlarına qaldı, Allah sağlıqlarına qismət etsin... O, zəhmətkeş ata, ailə başçısı idi, ömür boyu çalışmışdı. Cavanşir müəllim efirlərə çıxmasaydı da normal həyatını yaşa biləcək biri idi. Onun ölümü məni silkələdi, anladım ki, hər danışılana cavab vermək, hər atılan daşa dönüb baxmaq lazım deyil. Mən başa düşdüm ki, əgər normal yaşamaq istəyirsənsə, tez ölmək istəmirsənsə, gərək hər şeyə reaksiya verməyəsən. Əsəb, stresslə uzun yaşamaq olmur. Mən özüm üçün nəticə çıxardım ki, hər çağırılan verilişə getmək, hər sualı cavablamaq lazım deyil. Mən özüm üçün bu nəticəni çıxardım və həyatımda da tətbiq edəcəyəm”.