Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir.
XİN-dən verilən məlumata görə, bunu aprelin 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.
Çıxışında, nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.
Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.