25 iyul 2023-cü il tarixdə saat 4 radələrində Qubada qayınatasına məxsus evə gizli daxil olaraq, orada arvadı - 24 yaşlı Rəvanəni amansızlıqla qətlə yetirən 26 yaşlı Rəşadın telefonundan 1 saat 49 dəqiqəlik səs yazısı tapılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyənləşdirilən səs yazısının həmin gecə lentə alındığı məlum olub. Səs yazısından Rəşadın hadisəni törətməsi barədə məlumat verməsinədək baş verənləri anbaan əks etdirməsi məlum olub. Telefonun “Səsyazan” proqramına daxil olduqda “ölüm” adlı 1 saat 48 dəqiqə 43 saniyəlik səs yazısının məzmunundan görünür ki, Rəşad Rəvanəni qətlə yetirmə anını qeydə alıb.
Həmin səs yazılarında o, arvadının yatmış vəziyyətdə olduğunu, sağ çiyin üzərində yatdığını, yatmış vəziyyətdə öldürəcəyini, ürək nahiyəsindən zərbə endirəcəyini bildirir, bundan sonra isə bıçaqla zərbələr endirir. Bu zaman zərərçəkmiş şəxs yuxudan oyanaraq Rəşadın adını çəkir, daha sonra Rəvanənin səsi kəsilir və ağlayan uşaq səsi gəlir. Bundan sonra Rəşad qayınatasının evində qışqıraraq evdəki digər şəxsləri oyadır və arvadını qətlə yetirdiyini deyir.