Məişət təyinatı olmayan soyuq silahlar insan həyatı və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Nurəddin Hüseynov, 1986-cı il təvəllüdlü Elşən Səfərov, 1990-cı il təvəllüdlü Nihat Əliyev, 1985-ci il təvəllüdlü Ariz Hacıyev, 1980-ci il təvəllüdlü Vahid Rəhimov və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Anar Hüseynov müəyyən olunaraq saxlanılıblar.