Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. “Qaynarinfo”nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət almaqda ittiham edilib.
Məhkəmədə məlum olub ki, general xidmət katibliyinin rəisi vasitəsilə 2016-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinə 52 nəfəri zabit və gizir kimi rüşvət almaqla işə götürüb. Təqsirləndirilən şəxs müəyyən etdiyi qaydada nəzarətçi vəzifəsinə hər bir şəxsdən 7-12 min manat, zabit vəzifəsinə isə 15-20 min manat qarşılığında işə götürülüb. Ümumilikdə işə götürülən vətəndaşlardan təxminən 630-640 min manat pul alınıb. Katibliyin rəisi aldığı pulları T.Həsənovun xidməti otağında ona verib.
General ilkin ifadəsində danışmasa da, sonradan Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini - 350 min manatını Talıbovun sürücüsü Həsən Əhmədova və 300 min manatını isə sabiq nazir Daşqın Rəhimova verib.