Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatanda ilanı gördüyünü qeyd edib.
Bəs görəsən, ilanların sayında həqiqətən artım varmı? Bu sürünənlərdən necə qorunmaq olar?
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Zoologiya İnstitutuna müraciət edib.
AMEA Zoologiya institutunun əməkdaşı, Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov ilanların sayının artmadığını qeyd edib:
“İlanların sayında heç vaxt artım olmayıb. İnsanlar bir müddət görmürlər, xatirələrindən silinir. Qışda çox olmurlar. Sanki qış yuxusunda olurlar. Yaz aylarında isə qışlama yerlərindən çıxırlar. Yem və gizlənmə yeri axtarışında olurlar. Çoxalmaq üçün də ətraf ərazilərə üz tuturlar. Aprel-may aylarında xüsusən gündüz vaxtı ilanlar fəal olurlar. İnsanlar olan ərazilərdə tez-tez rast gəlinir.