5 gün əvvəl vəzifəsindən azad edilən Naxçıvanın sabiq baş naziri Səbuhi Məmmədovun istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar var. Bu haqda Musavat.com-u bilgiləndirən mənbənin sözlərinə görə, Səbuhi Məmmədov sabiq Ali Məclis sədri Vasif Talıbov və digərlərinin işi üzrə dindirilib.
Səbuhi Məmmədovun adı Naxçıvanda dövlət büdcəsindən əsassız xərcləmələr və mənimsəmələrdə keçirdi. İddialara görə, illərdir muxtar respublikanın bank və maliyyə sektoruna, dolayı yolla iqtisadiyyatına nəzarət edən Səbuhi Məmmədov baş nazir olduğu ötən 4 ildə onun sərəncamları ilə dövlət büdcəsindən vəsaitlər əsassız olaraq Naxçıvanın İnkişaf Fonduna yönəldilib, silinib və mənimsənilib. Naxçıvanın keçmiş maliyyə naziri Rəfael Əliyev, Tikinti və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov, Gömrük Komitəsinin keçmiş maliyyə rəisi Mənsur Əsgərov da məhz Səbuhi Məmmədovun tabeçiliyində olan sahələrdən mənimsəmələrə görə həbsdədirlər.
Səbuhi Məmmədov Naxçıvan MR Nazirlər Kabinetində özünə yaxın şəxslərdən ibarət komanda toplayıb. Mediada o da bildirilirdi ki, Naxçıvanda keçmiş Ali Məclis sədri Vasif Talıbova bağlı köhnə komandası yeni rəhbərliyə qarşı addımlar atıb. Görünür, yeni baş nazir indi həm də Səbuhi Məmmədovun kadrlarını “təmizləməlidir” ki, normal işləmək imkan olsun. O da mümkündür ki, sabiq baş nazirə müvafiq orqanların da xeyli sualları olsun. Vasif Talıbovun əsas kadrlarından biri olan Səbuhi Məmmədov Naxçıvanda Talıbov erası bitəndən sonra da vəzifədə saxlanılmışdı.
Onun faktiki ev dustağı olan Vasif Talıbovla münasibətlərinin davam etdiyi, hətta tez-tez “xan”ın sığındığı imarətdə peyda olması xəbərləri də var. Məlumdur ki, Vasif Talıbov vəzifədən uzaqlaşdırılandan sonra onun əmlakları, varidatı siyahılaşdırılıb, “milliləşdirilməsi” üçün ardıcıl addımlar atılır. Kimsəyə sirr deyil ki, Talıbov 30 ilə yaxın “xan”lığı dövründə olduqca böyük, inanılmaz dərəcədə geniş, az qala sərhədsiz sərvət toplaya bilib və asanlıqla həmin varidatla vidalaşmaq fikrindən uzaqdır. Buna görə də vaxtilə özünün təyin etdiyi, bu gün vəzifələrdə olan kadrlar üzərində gizli müqavimət göstərir. Naxçıvanda tikinti-quruculuq işlərinə ayrılan pulları ələ keçirmək üçün özünə yaxın kadrlar üzərindən planlar gerçəkləşdirməyə çalışır. Təbii ki, bu gedişat diqqətdən kənar qalmır, ötən müddətdə Naxçıvanda yaşanan süni gərginliklərin arxasında Vasif Talıbovun silueti daha aydın görünməyə başlayıb. Odur ki, Naxçıvanda Vasif Talıbovun korrupsiya və rüşvət mexanizminin vintcikləri olan kadrlarının tədricən vəzifədən uzaqlaşdırılması kursu bir qədər də sürətlənib. Səbuhi Məmmədovun Vasif Talıbovun sədrliyi zamanında böyük maliyyə axınlarının başında dayandığı və payi-mal olunmasında müstəsna rolu olub.
Qeyd edək ki, hazırda Naxçıvan məhkəmələrində Vasif Talıbov və onun komandasına daxil olan vəzifəli şəxslərə qarşı 30-a yaxın iddia var. Cavabdehlər sırasında Rza Talıbovla yanaşı, Səbuhi Məmmədov da var. Talıbovlara qarşı iddiaları Naxçıvandan olan, vaxtilə Vasif Talıbovun göstərişi ilə biznesləri, əmlakları əllərindən alınan, özləri Naxçıvandan didərgin salınan iş adamları qaldırıb. Vasif Talıbov Ali Məclis sədri olduğu dönəmdə vəzifəsindən sui-istifadə edərək iş adamlarının sənədli-sübutlu əmlaklarını - istehsal müəssisələrini, bazalarını, bazarlarını, restoranlarını, mağazalarını qanunsuz olaraq əllərindən alıb. Həmin əmlakların dağıdılması üçün icra başçılarına göstərişlər verib.