Ölkə başçısının müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.
Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub.
O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.
Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.