Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun görüşündə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə edilib.
Fonddan verilən məlumata görə, Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbərliyi ilə görüşlərini xatırladıb, Azərbaycan-Çin dostluq və əməkdaşlığının genişlənməsinə dair iki qurum arasında imzalanan Memorandumu, həyata keçirilən layihələri qeyd edib.
Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun yubileyinin - Heydər Əliyev Fondunun yaranmasının 20, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd edilməsinin isə bir rəmzi məna daşıdığı bildirilib.
Ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını qeyd edib. Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub.