Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə Qətər Dövləti arasında mövcud yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edərək, hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin və Hökumətlərarası İqtisadi Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin vacibliyini vurğulayıblar.