“İnsan 40 gün ac qala bilər” – Rəşid Mahmudov

Son günlərdə ramazan ayında oruc tutmaqla bağlı ikili fikirlər yaranıb. Bəzi həkimlər saatlarla ac qalmağın zərərli olduğunu iddia etsələr də, bəziləri bu fikirlə razılaşmırlar.

 

Pravda.az-ın xəbərinə görə, tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib ki, hazırda dünya səhiyyəsi aclıq üsuluyla bir çox xəstəlikləri müalicə edir:

 

''Bu gün ac qalmaqla dünyada bir çox xəstəliklər müalicə edilir. Şəkər xəstələrini, asma-bronxit xəstələrini belə aclıqla müalicə etmək olur. Hər bir insan qırx gün ac qala bilər. Ancaq oruc tutan insanlar sahurda da yemək yeyir, iftarda da. Təkcə günorta yeməyi yeməyən insana orucun heç bir ziyanı ola bilməz. Xəstə insanların oruc tutmaları məsləhətli deyil. Lakin sağlam adam oruc tutanda uzağı beş gün aclıq ona əziyyət verəcək. Daha sonra aclığa öyrəşəcək. Tibb əvvəl elə hesab edirdi ki, bağırsağın divarından qana nəysə sovrula bilər. Qandan əks tərəfə sovrula bilməz. Ancaq indi bilirik ki, bu belə deyil. Əgər insan qırx gün ac qalırsa, orqanizmdə olan allergenləri, zəhərli maddələri, zədəli hüceyrələri qan mədəyə çatdırır. Bununla da həmin maddələr nəcis yolu ilə orqanizmdən xaric olunur. İnsan orqanizmi ac qalmaqla tamamilə təmizlənə bilir. Ancaq ac qalan insan heç bir qida qəbul etməsə artıq qırx birinci gün öləcək. Çünki insan qırx gün ac qala, bir həftə susuz, altı dəqiqə oksigensiz qala bilir''.

 

Qeyd edək ki, nevroloq Qalib Əsədov bir müddət öncə oruc tutmağın, saatlarla ac qalmağın insan səhhətinə zərərli olduğunu bildirmişdi.

Tarix: 25 May 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin