Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə birgə foto çəkdirildi.
Tədbirin moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem dedi:
- Zati-aliləri Prezident İlham Əliyev.
Hörmətli qonaqlar, dini nümayəndələr, xanımlar və cənablar.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xoş gəlmisiniz.
Bakıda toplaşdığımız zaman biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal durumun şahidiyik. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Əlbəttə ki, biz münaqişələri həll etməli və sülhü qurmalıyıq. 2011-ci ildə başladıqdan sonra məhz “Bakı Prosesi” bu məqsədi vacib tutub. Bu gün “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Forumda əməkdaşlıq formalarını, rəhbərlik üsullarını müzakirə edəcəyik.
Xanımlar və cənablar.
Bu gün nümayəndələrimizə söz verməzdən öncə qısa videoçarxa baxacağıq. Orada “Bakı Prosesi” təsvir olunacaq.
x x x
“Bakı Prosesi”ndən və Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edən videoçarxda deyilir:
-2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır.
Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu, “Bakı Prosesi”nin özəyidir. Bakıya, Azərbaycana xoş gəlmisiniz. Burada Şərq ilə Qərb, ənənə ilə müasirlik qovuşur.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xoş gəlmisiniz. Bu mühüm Ümumdünya Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını salamlamış, bölgədə yeni mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırmışdır. Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik.
Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.
Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir.
Cənubi Qafqazda onilliklərlə sürən münaqişədən sonra bu il Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Qanuni yolla ərazinin uğurla azad olunması və münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət nəhayət ki, zəfər çalır.
Burada əsas mesaj ümiddir. Azərbaycan bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzulayır.
Bu yola birgə çıxaraq gəlin, qarşımızdakı fürsətdən yararlanaq, birləşək, müxtəlifliyi bayram edək!
Sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına, gəlin, ümumi səylər, baxışlar və biliklər ilə töhfə verək.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xoş gəlmisiniz.
x x x
Moderator Alpaslan Özerdem: Çox gözəl bir səyahətdir. Həqiqətən biz çox ilhamlanırıq. Mən burada olmağımdan çox məmnunam. “Bakı Prosesi” birmənalı olaraq bizə ümid verir.
Zati-aliləri.
Xanımlar və cənablar.
Mən bu mötəbər toplantıda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi salamlamaqdan şərəf hissi duyuram. Prezident Əliyev uzaqgörən lider, mədəniyyətlərarası dialoqun və multikulturalizmin qlobal carçısıdır. 2008-ci ildə Prezident Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi təşəbbüsü – “Bakı Prosesi”ni irəli sürdü. Bu cür uzaqgörən yanaşma sərhədləri aşaraq və parçalanmanı aradan qaldıraraq millətlər arasında da daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açdı.
Xahiş edirəm, Zati-aliləri Prezident İlham Əliyevi səmimiyyətlə salamlamaqda mənə qoşulun.
x x x
Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimində nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.
Hörmətli xanımlar və cənablar. Əziz qonaqlar. Azərbaycana xoş gəlmisiniz.
Çox şadam ki, Forum yenidən canlanır. Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub.
Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır.
Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?
2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın.
Həmin məsələlərin həllində, gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var. Hesab edirəm, yaxşı olar ki, mən burada biz bu prosesi necə gördüyümüz haqqında bir az danışım və biz necə etməliyik ki, bu müsbət tendensiyaları gücləndirək? Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik və bildiyiniz kimi, üç ildən sonra “Bakı Prosesi” rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır. Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. Bu, elə bir məsələdir ki, biz onları dostlarımızla bölüşmək istərdik. Həmçinin öz əminliyimizi nümayiş etdiririk ki, biz bu yolda addımlarımızı davam edəcəyik. Əminəm ki, bununla hər bir ölkə uğur qazana bilər. Çünki əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara münasibət ədalətli olar. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar. Buna görə, məhz təcrübəmiz göstərir ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Elə sizin də müzakirə edəcəyiniz məsələlərdən biri bununla bağlıdır. Forumda yüzdən artıq dini nümayəndə iştirak edir. Əminəm ki, onlar qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə töhfə verəcəklər.
Azərbaycana gəldikdə, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Məniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir.
Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb.
Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək. Çünki hazırda dünyaya nə lazımdır, bəzi böyük ölkələr bu və ya digər qütbə aid deyil, onların öz hüquqları və öz maraqları var. Onların bəzilərinin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Buna görə də həmin Hərəkatda bizim sədrliyimiz məhz bu məqsədi güdürdü və biz daha çevik, daha fəal olmağa çalışdıq. İstədik Hərəkat daha təsirli olsun. COVID vaxtlarında biz, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə edərək həmin faciəvi xəstəliyin fəsadlarını müzakirə etməyə çalışdıq. Çünki pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. Bildiyiniz kimi, pandemiyanın ilk aylarında peyvənd çatışmırdı. Pul vəsaitləri çox olan bir sıra ölkələr özlərində çox böyük sayda, hətta beş dəfədən artıq peyvənd topladılar. Bunu necə etmək olar?! Bununla onlar, sadəcə, bir çox digər ölkələrin səhiyyə sistemini heçə endirdi ki, onların da peyvəndlərə çıxışı yox idi. Ona görə milli maraqlar baxımından, əlbəttə ki, Azərbaycan həmin Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı mübarizə apardı və biz Baş Assambleyada bununla bağlı təşəbbüskar olduq.
Biz bir məsələni də Qoşulmama Hərəkatının sədri kimi hər zaman təşviq edirdik. Bu, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizədir. Artıq söylədiyim kimi, həmin Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, elə bir məsələdir ki, hesab edirəm hər bir normal insan məhz bu hüququ müdafiə edər. Bir sözlə, bu, çox vacib məsələdir. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik. Əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, siz dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil. Əlbəttə ki, bu sahələrdə həmin yanaşma tətbiq olunacaqdır.
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq.
Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.