Bakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna hökm oxunub.
Pravda.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib.
Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.
O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib.
Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetidiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.