Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Quliyevə 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: "Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”. "Qafqazinfo” ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.
Münaqişəli ailə, narkotik, qisas...
İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.
Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.
"Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”
Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisədənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı "Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb.
Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib.