Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin özü-özünü rəhbər təyin etdiyi qərar üzə çıxıb. 27 dekabr 2019-cu il tarixli qərarı imzalayan İlham Əliyev bununla özünü “Dostluq - MK” MMC-nin təsisçisi və rəhbəri müəyyən edib. Belə məlum olur ki, hər il milyonlarla manat gəlir əldə edən “Dostluq - MK” MMC-nin tən yarısını, 50 faizini İlham Əliyev 1 qara qəpik xərcləmədən, pay sahibinin özünə 5 min 600 manat ödətməklə sahiblənib.
“Dostluq - MK” MMC-ni 1 mart 2011-ci ildə şabranlı sahibkar Mansur İbrahimovla YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov təsis ediblər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilib və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olub. Təsisçilərin nizamnamə kapitalında payları hərəyə 50 faiz olub.
Həmin günlərdə cibində deputat mandatı gəzdirən İlham Əliyev Şabranda at oynadıb, sahibkar Mansur İbrahimovla xoş-zor şərik olub. Ona ən müxtəlif vasitələrlə təzyiqlər göstərib, 12 hektar fındıq bağını yerlə bir edib, digər meyvə bağlarına da ən müxtəlif vasitələrlə sahiblənib. Belə bir şəraitdə İlham Əliyev Mansur İbrahimovdan “Dostluq - MK” MMC-dəki 50 faiz payını 3 milyon manata ona satmağını istəyib. Biçarə sahibkar razılıq verib.
İlham Əliyev Xaçmazın deputatı olduğundan alqı-satqı müqaviləsi də onun istəyi ilə Xaçmaz rayonu, 1 saylı notariat ofisində olub. Özü notariat ofisinə gəlməyən İlham Əliyev sahibkar Mansur İbrahimova vatsap üzərindən şəxsiyyət vəsiqəsinin surətini göndərib, tapşırıb ki, alqı-satqı müqaviləsində 3 milyon manatlıq sövdələşmə 5 min 600 manat kimi göstərilsin. Yəni Mansur İbrahimova 1 qəpik də vermədən, 5 min 600 manatı Mansur İbrahimovun özünə ödətməklə alqı-satqı müqaviləsi bağlanıb.
İlham Əliyev Mansur İbrahimova deyib ki, 3 milyon manatlıq sövdələşmənin alqı-satqı müqaviləsində göstərilməməsini ödənəcək verginin çoxluğu ilə izah edib. Vəd verib ki, 3 milyon manatı qısa müddətdə ödəyəcək. 5 min 600 manatı da Mansur İbrahimova ödətdirib. Sonradan isə İlham Əliyev Mansur İbrahimovun telefon zənglərinə belə cavab verməyib. Alqı-satqı müqaviləsi 8 avqust 2019-cu il tarixdə bağlansa da, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev bu günə qədər şabranlı sahibkar Mansur İbrahimovun pulunu ödəməkdən yayınır.
Mansur İbrahimov İlham Əliyevə qarşı Bakı Kommersiya Məhkəməsində də iddia qaldırıb. Onunla cavabdeh Əliyev İlham Əlisəftər oğlu arasında bağlanmış 8 avqust 2019-cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Hakim Emin Əliyevin sədrlik etdiyi məhkəmə iclasında İlham Əliyev də qatılıb və Mansur İbrahimova müqavilə üzrə 1 qara qəpik də ödəmədiyini etiraf edib.
Bu etirafı məhkəmə zalında olan hakim Emin Əliyev, məhkəmə katibi, Mansur İbrahimov və onun 2 vəkili, İlham Əliyevin özünün vəkili də eşidib. Hakim dəqiqləşdirici sual verərək İlham Əliyevdən alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu məbləği kimə ödəməsini aydınlaşdırıb. İlham Əliyev isə deyib ki, o, pulu 3-cü şəxsə verib. Lakin həmin 3-cü şəxsin kimliyini açıqlamayıb.