Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub.
Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasının pediatrı Flora Mənsimova əvvəl zəhərlənmə, bir gün sonra isə qızılca diaqnozu qoyub. Mayın 3-də Ayişənin halı pisləşib və qusmağa başlayıb, buna görə də, Təcili Tibbi Yardıma müraciət ediblər.
Atanın iddiasına görə, Təcili Tibbi Yardımın əməkdaşı 20 qramlıq şprislə Ayişənin qol damarında iynə vurub və bir dəqiqənin içində qızın halı ağırlaşıb. Buna görə də, onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıblar.
Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı bildirib ki, Ayişə Qarayevaya iynə vurulanda onsuz da vəziyyəti ağır olub:
“Briqadamız çağırış üçün gedəndə, qızın qızdırması 36 dərəcə olub. Anası əməkdaşlarımıza bildirib ki, qıza Analgin və Dimedrol vurub. Sadəcə o, dayanmadan qusurmuş. Buna görə, Ayişə Qarayevaya qızılcanın ağırlaşması səbəbi ilə venadaxili Kokarboksilaza, Natrium Xlorid və Dimedrol vurulub. Lakin briqadamız iynəni pediatrla məsləhətləşib vurub. Həmin gün növbədə həkim olmadığı üçün qıza ilkin yardımı feldşerlər Tağıyeva Kifayət və Mahmudova Yeganə göstəriblər.