Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda ünvan qeydiyyatına alınmadan və viza müddətindən artıq (qanunsuz) yaşayan 6 əcnəbi saxlanılıb.
Xidmətdən verilən məlumata görə, həmin şəxslərin xaricdə turizm xidmətləri göstərən həmvətənləri tərəfindən 1000-1800 dollar qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə aldadaraq ölkə ərazisinə gəlmələrinin təşkil olunması müəyyən edilib. Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində əyani təhsil alan digər həmvətənləri tərəfindən qarşılanaraq müxtəlif ünvanlarda yerləşdirilib. Onlardan 3 nəfərin iş icazəsi əldə edilmədən tikinti işlərinə cəlb olunduğu, digər 3 nəfərin isə iş icazəsi almaq vədi ilə aldadılaraq pasportlarının alındığı, şikayət edəcəkləri təqdirdə, həbs olunacaqlarına dair təhdid edildiyi müəyyən edilib. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.