“Sənət dostlarımız fəxri ad məsələsinə görə qırılır, sınır. Birinə bu adı verirlər, o biri kənarda qalır. Ya hamımızı yığıb içi mən qarışıq fəxri ad verin, bilək ki, hamımız əməkdar və xalq artistiyik, ya da ümumiyyətlə, yığışdırın. Dostlarımızın əli sənətdən soyuyur, oxumurlar, soruşanda da deyirlər ki, mənə qiymət verilmir”. Bu sözləri Yenisabah.az-a müğənni Əlikram Bayramov deyib. Uzun illərdir sənət adamları arasında gedən fəxri ad qalmaqalına münasibət bildirən ifaçı bu cür adları gərəksiz hesab edib:
“Fəxri adlar Əbülfəs Qarayevin vaxtında çox verildi. Ondan sonra gələnlər isə demokratik insanlardır, ona görə son illər kiməsə ad verilmir. Biz demokratik dövlətdə yaşayırıq, yeni şeylər axtarıb tapmalıyıq.
O gün biz qazi məclisində idim, oxuyurdum. Məclisdə nə qədər gizir, komandir, qazı var idi, heç biri soruşmurdu ki, ay Əlikram, sənin fəxri adın var? Onlar elə bilirlər, mən Xalq artistiyəm. Mənə xalqın sevgisi lazımdır, Xalq artisti adı yox.
Biz sərhədləri keçməli, xarici arenalara çıxmalıyıq, xaricdə konsertlər verməliyik, fikrimiz, məqsədimiz bu olmalıdır. Amma biz tutub dayanmışıq ki, “Mənə niyə ad vermirsiniz?”. Bu söhbəti bitirin, artıq yeni nazirlərimiz də buna fikir vermir, çünki demokratik, yeni fikirli adamlardırlar. Onlar xarici təcrübəyə baxırlar. Yaxşı bilirlər ki, bu fəxri adlar başqa yerlərdə yoxdur.
Bu fəxri ad məsələsini bizim televiziya aparıcılarımız şişirib. Kimsə efirə çıxanda əvvəlcədən uzadaraq qışqırırlar ki, səhnəmizə respublikanın əməkdar artisti gəlir. Ay qardaş biz haradayıq? Bu nə pafosdur?