Cavid Osmanov: "Onları ölkənin “qara ləkəsi” adlandırıram"
Deputat: "Qabaqlayıcı tədbirlər həyata keçirilməsəydi, yoluxma sayı 3 rəqəmli deyil, 4 rəqəmli ola bilərdi"
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun Pravda.az-a müsahibəsi:
- Cavid müəllim, ölkədə son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri həyata keçirilir. Artıq bir neçə icra başçısı və digər vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Sizcə, bu, davam edəcəkmi?
- Azərbaycan hüquqi dövlətdir. Bunun da əsasını ulu öndər Heydər Əliyev qoyub. Xatırlayırsınızsa, müstəqilliyin ilk illərində hakimiyyət çəkişməsi, özbaşınalıq hökm sürürdü. Yəni heç bir hüquqi dövlətdən söhbət gedə bilməzdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlət quruculuğu prosesinə start verildi, nailiyyətlər əldə edildi, uğurla davam etdirildi. Hazırda bu Heydər Əliyev siyasi kursunu cənab Prezident İlham Əliyev davam etdirir. Dövlət başçısı bu siyasəti dünyada gedən proseslərə uyğunlaşdıraraq daha da zənginləşdirdi. Tam əminliklə demək olar ki, Azərbaycanda ədalət bərpa olunub, qanunun aliliyi təmin edilib. Ölkədə sabitliyi və əmin-amanlığı xüsusi qeyd etmək istərdim. Hazırda ölkəmiz dünya dövlətləri arasında sayılıb-seçilənlərdəndir. Azərbaycanda heç bir ölkənin sığortalanmadığı korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Prezident dəfələrlə bəyan edib ki, korrupsiya və rüşvətxorluq ölkənin inkişafına əngəl olur, ona görə də bunun kökü kəsiləcək, qanun pozuntusuna yol verənlər cəzalanacaqlar. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar bunun sübutudur. Bilirsiniz ki, artıq bir neçə icra başçısı və digər vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər. Bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək. Çünki ortada siyasi iradə, qətiyyət var. Azərbaycanın hər bir vətəndaşı qanun qarşısında bərabərdir.
- Cəmiyyətdə bu cür fikirlər var ki, nazirlikdə korrupsiya faktı üzə çıxarılıbsa, bəzi şəxslər cəzalandırılıbsa, nazir özü niyə məsuliyyətə cəlb edilmir?
-Cinayət tərkibli istənilən məsələdə araşdırılma üçün müəyyən mərhələ var. Təbii ki, baş verənlərdən xəbərləri olmalı idi. Əgər məlumatlı olmayıblarsa, bu da nöqsandır, etimadı doğrultmayıblar. Hələlik konkret faktla bağlı saxlanılanlar var, əgər sübuta yetirilsə ki, digərlərinin də bu işdə rolu olub, onlar da məsuliyyətə cəlb ediləcəklər.
- Koronavirus pandemiyası dövründəki iqtidar-müxalifət münasibətlərini necə qiymətləndirirsiniz?
- Koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə virusun yayılması geniş vüsət almadı. Azərbaycan virusun az yayıldığı ölkələr sırasındadır. Tibbi, iqtisadi sahədə Azərbaycandan öndə olan, yəni daha çox inkişaf etmiş ölkələrdə yoluxanların sayı çox olub. Bu, önləyici tədbirlərin nəticəsidir. Azərbaycan bu dövr ərzində ən zəngin sosial paketi təqdim edən ölkələr sırasındadır. Bilirsiniz ki, işsiz kimi qeydiyyatda olan 600 min şəxsə 190 manat dəyərində birdəfəlik ödəmə verildi. Bundan başqa, vergi ödəyicilərinə də dəstək göstərildi, yardımlar edildi ki, ixtisarlar aparmasınlar. Bu addımları təkcə biz deyil, aparıcı ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri də qeyd edirlər. Ölkənin hər rayonundan, qəsəbəsindən, kəndindən Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlanır. Vətəndaşlar xahiş edirlər ki, Milli Məclisin iclaslarında təşəkkürlərini çatdıraq. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın aztəminatlı ailələrə diqqət göstərməsi, onların yanında olması yüksək qiymətləndirilir. İqtidar-müxaifət münasibətlərini normal qiymətləndirirəm. Partiyalar hökumətin addımlarını dəstəkləyiblər. Bilirsiniz ki, Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşlər keçirir, onları dinləyir, təkliflərini qəbul edir. Cənab Prezident də çıxışında vurğuladı ki, ölkədə yeni siyasi konfiqurasiya yaranır. Bu, konfiqurasiyada isə bəzi qüvvələr olmayacaqlar. Çünki onlar xəyanət yolunu tutublar. Ölkənin artan nüfuzundan narahat olanlar pandemiya dövründəki vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Mən onları ölkənin “qara ləkəsi” adlandırıram. Həmin insanlar dünya ölkələrinin müxalifətlərindən də nümunə götürə bilmədilər. Koronavirus pandemiyası dövründə bütün ölkələrdə müxalifət iqtidarla birgə addımlayıb. Çünki bu, ümummilli məsələdir. Pandemiyadan sonra hərə öz mövqeyinə çəkilə bilər. Ölkəmizlə bağlı neqativ məlumatları yalnız Ermənistan və həmin ölkənin Azərbaycandakı səfiri funksiyasını yetirən Milli Şura yayıb. Dünya ölkələri Azərbaycanın tətbiq etdiyi sistemdən danışır, bunlar isə kölgə salmağa çalışırlar. Marginal qruplar hər zaman olduğu kimi yenə də təxribat törətməyə cəhd edirlər. 1990-cı illərin əvvəllərində necə xəyanət edirdilərsə, indi də o cür davranırlar. Onlar xalqımıza qarşı düşmən mövqedən çıxış edirlər.
- Milli Şuranın video-konfransında səsləndirilən fikirlərlə bağlı nə deyə bilərsiniz?
- Həmin videonun yayılması ilə məlum oldu ki, bu insanlar bir-biriləri ilə hansı münasibətdədirlər. Öz aralarında da təhqirlər danışırlar... Video ilə onların iç üzü məlum oldu. O insanları xalq 27 il bundan əvvəl silib-süpürüb, tarixin lazım olan yerinə atıb.