Bir neçə gün sonra Əməkdar jurnalist Qədir Aslanın 80 yaşı tamam olur. Ölkəmizin və Qərbi Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən Qədir müəllim bu gün də yazıb yaradır. O, 1944-cü il may ayının 18 –də qədim Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Bakıda təhsilini başa vurduqdan sonra Basarkeçər rayonuna qayıdaraq, ilk jurnalistika fəaliyyətinə orada çıxan “Bolluq uğrunda” qəzetində müxbir kimi başlayıb.
O, uzun illər Qərbi Azərbaycanda yaşayıb, yaradıb. Sonradan adı dəyişdirilib “Vardenis” olan qəzetin 20 il məsul katibi olub. 1988-ci ildən Bakı şəhərində yaşayır. “Göyçə Şəhidləri”, “Qədim Oğuz yurdunun milli qəhrəmanları”, “XX əsrin Koroğlusu”, “Gorandoy Qartalları” və ümumilikdə 10-dan çox kitabın, çoxsaylı oçerk və məqalə müəllifi olan Qədir Aslan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adına layiq görülüb.
SSRİ Jurnalistlər İttifaqına Ermənistandan üzv olan ilk azərbaycanlı məhz Qədir Aslan olub. O, bu ada 1974-cü ildə layiq görülüb.
1988-ci ildə deportasiya səbəbi ilə Azərbaycana gəlib. Müxtəlif mətbu orqanlarında çalışıb. Qədir Aslan 24 ildir fasiləsiz olaraq “Respublika” qəzetinin diaspora şöbəsinin müdiri vəzifəsində çalışır.
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı lauriatıdır. Bir sözlə Qədir müəllim maraqlı bioqrafiyaya və uğurlu yaradıcılıq yolu keçmiş bir şəxsiyyətdir. Ona görə də yubiley ərəfəsində həmişə cavan Qədir Aslanla həmsöhbət olduq.
Həmin müsahibəni təqdim edirik:
- Qədir müəllim, yubiley ərəfəsində görüşürük. Əvvəla, bu münasibətlə Sizi təbrik edirik. Sonra da bilmək istəyirik ki, 80 yaş insan üçün hansı mərhələdir, bu rəqəm nə ifadə edir?
- Çox sağ olun. 80 yaş müdrikliyin zirvəsidir. Bu zirvədən baxanda böyük və uzun bir yol görürsən. Bu yol uzun olduğu qədər də, enişli-yoxuşludur. Bir sözlə acılı-şirinli bir ömür yolu keçmişəm. Bu yolda qazandıqlarım da olub, itirdiklərim də. Amma mənim üçün əsas odur ki, 80 yaşa sağlam canla, gözəl əhval ruhiyyə, yazıb-yaratmaq həvəsi, ən əsası da alnı açıq gəlib çıxmışam. Çalışmışam ki, hər zaman kiməsə faydalı olum, kiməsə ziyanım dəyməsin. Bu gün də bu amalla yaşayıram.
- 80 yaşlı Qədir müəllimin arzusu nədir? Deyirlər ki, insan arzusuz yaşaya bilmir. Həqiqətənmi belədir?
- Bəli, həqiqətən də insan arzularla yaşayır. Nail olduğum hər arzudan yenisi doğur. Mən bu yaşıma qədər əksər arzularıma çatmışam. Amma çin olmayan arzum da var. O da uşaqlığım və gəncliyimin keçdiyi doğma ellərə - Göyçə mahalına, Basarkeçərə qayıtmaq, o cənnət-məkan yerləri görməkdir. Təsəvvür edin ki, 1988-ci ildə ilk deportasiya olunanlardan biri də bizim Nərimanlı kəndi olub. O zaman mənim 44 yaşım vardı. Həyatımın, yaradıcılığımın ən gözəl zamanında bizim ailəmiz də yüz minlərlə soydaşlarımız kimi erməni vəhşiliyinə tuş gələrək, doğma yurd yerlərimizdən qaçqın düşərək, Azərbaycana pənah gətirdik. Kəndimizdə qalsaydım, bəlkə də indikindən daha gümrah olardım, əhvalım daha yaxşı olardı… Amma görünür qismətdə qaçqınlıq da varmış…
- Bəlkə bir az da kəndiniz haqqında danışasınız…
- Kəndimizin adı Nərimanlı idi. Basarkeçərin ən böyük yaşayış məntəqələrindən biri idi. Sovet hakimiyyətindən əvvəl kəndimizin adı Hüseynquluağalı olub. Sonralardan Nəriman Nərimanovun şərəfinə kəndin adı dəyişdirilib, olub Nərimanlı. Bizim kəndi vaxtı ilə Basarkeçərin Akademiyası adlandırırdılar. Çünki bizim kənddən çox sayda alim, ziyalı çıxmışdı. 70-80-ci illərdə kəndimizdən çıxan 4-5 elmlər doktoru vardı. Bizim orta məktəbi bitirən məzunların 80-85 faizi hər il ali məktəbə qəbul olurdu.
Nərimanlı həm də söz-sənət ocağı idi. Kəndimizdən çox sayda söz-sənət adamı çıxıb. Məsələn, Əməkdar incəsənət xadimi aşıq İslam Yusifov, Xəstə Bayraməli, aşıq Bəhmən Qarayev Nərimanlıdan idi. Sağ qalanlardansa yadıma düşəni aşıq Fətulla Alıyevdir. O, Göyçə Aşıqlar Cəmiyyətinin hazırda sədridir. Bizim kəndin yayı çox səsli-küylü keçirdi. Bu ayda Bakıda və keçmiş SSRİ-nin müxtəlif respublikalarında yaşayan bütün Nərimanlılar kəndə qayıdır, yayın bir neçə ayını burada keçirirdilər. Çünki kəndimizin səfalı bulaqları, gözəl təbiəti vardı. Buz bulaqların səsi hələ də qulaqlarımdadır…
- Görürəm ki, kəndə qayıtmaq üçün çox həvəslisiniz…
- Əlbəttə ki… Qarabağ azad olunub. İnşallah yaxın zamanlarda sülh sazişi də imzalanar. Ondan sonra kəndimizə qayıtmaq üçün yəqin ki, problem qalmayacaq. Bir məqamı xatırladım ki, 2022-ci ilin sonlarında Azərbaycanın Müzəffər Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü oldu. Prezidentimiz çıxışı zamanı çox inamlı danışdı. Bax, onda əmin oldum ki, Qərbi Azərbaycanlıların doğma ocaqlarına qayıtması heç də uzaqda deyil. Bu görüşdən sonra Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlandı. Bu konsepsiya bu gün uğurla icra edilir. Görünən odur ki, proseslər bizim doğma elimizə qayıdışımız istiqamətində inkişaf edir…
- Qədir müəllim, Siz peşəkar jurnalistsiniz. Necə oldu ki, bu ixtisası seçdiniz?
- Bunun 2 səbəbi var. Birincisi odur ki, Göyçə söz-sənət məbədi idi. Orada yaşayan iki adamdan biri şeir yazırdı. Mən də təbii ki, genetik olaraq sözə bağlı adamam. Ona görə də mən jurnalist peşəsini seçdim. Jurnalist olmağımın digər səbəbi isə yerli reallıq idi. Nəzərə alaq ki, ermənilər hər zaman bizlərə qarşı aqressiv olub. Bunu Qərbi Azərbaycanlılar vaxtilə hər an, hər saat yaşayıb. Biz çox haqsızlıq görmüşük. Bacardığımız qədər də ədalətsizliyə qarşı mübarizə aparmışıq.
Mən jurnalist olanda da hədəfim bu idi ki, üzləşdiyimiz ədalətsizliyi ictimailəşdirim. Təsadüfi deyil ki, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən həmən sonra doğma Basarkeçərə qayıtdım. Rayonun “Bolluq uğrunda” qəzetində işə başladım. Qəzet həm Azərbaycan, həm də erməni dilində dərc edilirdi. Sonradan adı dəyişdirildi oldu “Vardenis”. Qəzetdə müxtəlif vəzifələrdə çalışmışam. Ədəbi işçi, şöbə müdiri, son vəzifəmsə məsul katib olub. Mənim jurnalist kimi ən sevdiyim janr felyetondur. O zamanlar demək olar ki, hər gün bir felyeton yazırdım. Xatırladım ki, o zaman hər felyetonun personajı rayon partiya komitəsinin bürosunda müzakirəyə çıxarılırdı. Ona görə də ermənilərin məni görən gözü yox idi.
- Elə isə bununla bağlı bir xatirə danışın…