Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.
Pravda.az xəbər verir ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Qərargah rəhbəri açılış nitqində bildirib ki, Ulu Öndər Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib. Qeyd edilib ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina da məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.
Qərargahın rəhbəri Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qərargahın rəhbəri bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.
Dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.