Ermənistanda revanşist qüvvələrin də dəstəklədiyi keşiş Baqratın başladığı hərəkatın sonrakı mümkün gedişatı bu ölkədə ciddi müzakirə mövzusudur. Bir qism ekspertlər hesab edir ki, Nikol Paşinyan hakimiyyətinə qarşı indi klassik müxalifət deyil, Erməni Apostol Kilsəsi dayanır. Bu da Paşinyan hökumətinin ənənəvi üsullara-hədə-qorxu, həbs, təqib və təzyiqlərə əl atmağa imkan vermir. Ekspertlərə görə, hakimiyyətin etirazlara başçılıq edən Baqrat Srbazana qarşı güc tətbiq ediləcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı heç bir hesablamaları yoxdur. Bu mənada Paşinyan hökuməti kifayət qədər çətin vəziyyətə düşüb. “İrəvanda siyasi hakimiyyət məsələsinin həllini gözləmədən Ermənistanın bütün yaşayış məntəqələrində təcili olaraq könüllülərdən ibarət dəstələr yaratmaq lazımdır”. Musavat.com yekramas.org-a istinadən xəbər verir ki, bu çağırışla siyasi elmlər doktoru, hərbi tarixçi Armen Ayvazyan özünün Facebook səhifəsində çıxış edib. Ayvazyan iddia edir ki, Azərbaycan istənilən an- ya Paşinyanın istefasından əvvəl, ya da ondan sonra yaranmış qeyri-müəyyən vəziyyətdən istifadə edərək Ermənistana genişmiqyaslı hücuma keçə bilər. “Rusiya qoşunlarının Ermənistanın Azərbaycanla sərhədlərindən çıxarılması Azərbaycanın hücununun yaxınlarda olacağını deməyə əsas verir” deyə, tarixçi bildirib.
Ayvazyan ölkədəki böhranlı vəziyyətdən çıxmaq üçün “Respublika” meydanında “kölgə hökumətinin” baş nazirinin, müdafiə nazirinin və xarici işlər nazirinin adını elan etmək, sonradan keçid hökuməti formalaşdırmaq lazımdır: “Xalq yeni hökumət haqqında aydın təsəvvür əldə etməli və onun üzvlərini Paşinyan və onun əlaltılarından müsbət şəkildə fərqləndirməyi bacarmalıdır. Əsl məqsəd güclü xalq hərəkatı yaratmaqdırsa, keçid hökumətində “köhnə” şəxslərdən hər hansı birinin olması istisna edilməlidir”.