“Şöhrət” ordenli rejissor Arif Qazıyev 75 yaşına çatanda, müxbirimiz ondan soruşmuşdu: “Arif müəllim, ad gününüzdə kimdən hədiyyə gözləyirsniz?”
Ağsaqqal ürəyindən keçənləri gizlətməmişdi: “Ən böyük hədiyyəni dövlətimizin başçısından gözləyirəm. Ümid edirəm ki, yubileyim münasibətilə mənə də vəzifə veriləcək”.
Mən o vaxtdan hakimiyyət strukturlarında gənclərin qabağa çıxmasının tərəfdarı olmuşam. Həmin vaxt hörmətli rejissorumuzun mövqeyini bəyənmədiyimə görə onu tənqid etmişdim. Üstündən 7 il keçdiyi üçün yazının məzmununu olduğu kimi xatırlamağa çətinlik çəkirəm. Bircə o yadımdadır ki, insanın qarğa qədər şanslı olub, 300 il yaşamadığını vurğulamışdım. Məncə, 75 yaşına çatan adamın qarşısında iki mühüm vəzifə dayanır: bu qədər uzun ömür yaşadığına görə Allaha şükür etməli və nəvə-nəticələri ilə vaxt keçirməlidir.
Yazdıqca xatırlayıram. Bir də qeyd etmişdim ki, Arif Qazıyev də daxil olmaqla bizim heç birimiz ən azı 300 il yaşayacağımıza dair Allahla müqavilə imzalamamışıq. 300 illik plan qurmaq yalnız qarğalara yaraşır. Çünki Uca Allah bu qədər uzun ömrü ancaq onların boyuna biçib…
İlin-günün bu vədəsində, yazın özünü payız kimi apardığı bu küləkli may günündə tarixə ekskursiya etməyim səbəbsiz deyil. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Səmədov “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Hörmətli Səməd müəllim beynəlxalq vəziyyətdən, xalqa verilən əziyyətdən tutmuş Dağlıq Qarabağ probleminə qədər çox mətləblərdən danışıb. Müsahibədə yaddaşımda ən çox ilişib qalan bu cümlələr oldu: “Səbirli olmalıyıq. Ermənilər 300 il işləyiblər. Mən demirəm ki, 300 il gözləyək. Ancaq işləri əvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır”.