Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.
Pravda.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
Xoş gəlmisiniz. Sizi görmək xoşdur. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm. Burada qonaqlarımızın iqlimlə bağlı mühüm məsələləri müzakirə etmələrini görmək çox xoşdur. Sizi konfransa dəvət etmək istəyirəm. Əlbəttə, ümidvaram ki, siz konfransın açılış mərasimində olacaqsınız. Beləliklə, bu, ikitərəfli gündəliyimizi, bizim birlikdə necə çalışa biləcəyimizi və bu ciddi iqlim çağırışı ilə bağlı sizi necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz. Bilirəm ki, Azərbaycanda geniş proqramınız və çoxlu görüşləriniz var. Əminəm ki, yaxşı təəssüratlarla geri dönəcəksiniz.
Tuvalunun general-qubernatoru Falani Tofinqa: Əlbəttə. Sabahınız xeyir, cənab Prezident. Mən Tuvalunu təmsil edirəm. Tuvalı hökumətinə göndərdiyiniz dəvəti böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Buna görə də gözəl paytaxtınız Bakı şəhərinə səfərim hökumətlərimiz - Azərbaycan hökuməti və mənim hökumətim arasında olan güclü diplomatik əlaqələrin aydın təzahürüdür.
Cənab Prezident, icazə verin, aşağıdakı təklifləri Sizin ali diqqətinizə çatdırım. Bunlar əsasən üç geniş sahəni əhatə edir. COP29 üçün bir nömrəli əsas prioritetlər. İtki və Zərər Fondunun fəaliyyətə başlaması. İqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması. İqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi.
Zati-aliləri, ölkələrimiz arasında diplomatik əlaqələri gücləndirmək üçün Tuvaluda adaptasiya layihəsinin maliyyələşdirilməsi məsələsi bizə layihənin nəticələrini COP29-da nümayiş etdirmək imkanını verəcək. Ölkələrimiz - gözəl Azərbaycan və kiçik ada ölkəsi olan Tuvalu arasında viza rejiminin aradan qaldırılmasını Sizdən xahiş edirik. Azərbaycan hökumətindən tələbələrə təqaüdlərin ayrılmasını xahiş edirik ki, bizim istedadlı gənclərimiz Sizin yüksək səviyyəli ali məktəblərinizə və digər texniki kolleclərə qəbul ola bilsinlər. Sonuncu məsələ, cənab Prezident, mən COP29-dan öncə Tuvaluya səfər etmək üçün bizim hökumətimiz adından dəvəti Zati-aliləri cənab Prezidentə çatdırıram. Vaxtınızı almayaraq, cənab Prezident, bir daha Sizə çox sağ olun demək istəyirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.
Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau: Cənab Prezident, Tuvalunun general-qubernatorunun Sizə ünvanladığı minnətdarlığa qoşulmaq istəyirəm. Həmçinin təkcə mənə yox, eyni zamanda, nümayəndə həyətimizə Azərbaycan hökuməti tərəfindən göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident.
COP29 təkcə qlobal miqyasda yox, konkret olaraq bizim kimi kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olmalıdır. Cənab Prezident, yəqin bilirsiniz, iqlim dəyişikliyi sərhədlərə baxmır, kiçik və ya böyük ölkə olmasına baxmır. O, sadəcə, hamımıza təsir edir. Bu vəzifəni üzərinə götürdüyü üçün Azərbaycanı və xüsusilə Sizi təqdir edirəm. Bu, asan bir vəzifə olmayacaqdır. Biz burada olduğumuz müddətdə Sizin liderliyinizə və COP29-a sədrliyinizə dəstək olacağıq ki, bu COP-un daha da faydalı olması üçün yolları müəyyən edə bilək.
Mən çoxlu COP-larda iştirak etmişəm və bəzən biz özümüzə sual edirik, xüsusilə okeanın o tayında olduğumuzu nəzərə alaraq buraya gəlməyə dəyərmi? Buna görə Azərbaycanda keçiriləcək COP-da nələr etmək olar müzakirəsinə qoşulmaq üçün kiçik ada ölkələrinin cəlb edilməsi bizdə nəinki xoş təəccüb hissi doğurdu, biz bu addımı yüksək qiymətləndiririk. Hesab edirəm ki, təsir altında olan ölkələrin nöqteyi-nəzərindən biz nə kimi məsələləri nəzərdən keçirməliyik, burada - Azərbaycanda keçirilən COP-da prioritetlərin nədən ibarət olacağını müzakirə etmək irəliyə doğru atılan mühüm bir addımdır. Biz COP29 üçün sərgilədiyiniz cəsarət və sadiqliyi bir daha təqdir edirik və birlikdə işləyərək hətta biz - kiçik ada ölkələri COP29-u uğura çevirə biləcəyimizə və bu beynəlxalq foruma olan inamı bərpa edə biləcəyimizə inanırıq. Çünki biz iqlim dəyişikliyi haqda uzun müddətdir ki, danışırıq. Məsələn, itki və zərərlər məsələsi Tuvalu tərəfindən on ildən çoxdur ki, qaldırılır və yalnız keçən il biz müəyyən razılığa gələ bildik. Biz müəyyən bir prosesin olduğunu bilirik, lakin bu, çox uzun zaman aparır, xüsusilə bizim hamımızın iqlim dəyişikliyinin təsirini hiss etdiyimiz bir dövrdə. İnsanlar bu problem haqda danışır, lakin bəzilərimiz iqlim dəyişikliyinin təsirini hiss edir. Məsələn, dəniz səviyyəsinin qalxması. Biz dəniz səviyyəsinin qalxmasına görə sahilyanı ərazilərin geriyə çəkilməsini nəzərdən keçirirdik. Bundan əlavə, bizdə təbii fəlakətlər baş verir. Bizdə çox güclü siklonlar olur və məsələn, Tahada vulkan püskürməsi və sunami baş vermişdir. Bu hadisələr sahilyanı sərhədlərin geriyə çəkilməsini zəruri etdi və sahil mühafizəsi nöqteyi-nəzərindən bütün məsələni mürəkkəbləşdirdi.
Bu səbəbdən biz hökumətinizin COP29-dakı sədrliyi üçün sahillərin mühafizəsinə dair müzakirə mövzuları təklif etmək istərdik. Baham adalarının əvəzindən danışmaq istəməzdim, ancaq biz və hər halda Tuvalu da 99 faiz okeanla əhatə olunmuşuq, ərazimiz olduqca kiçikdir. Biz bəzən özümüzü böyük okean dövləti adlandırırıq. Ancaq reallıq ondan ibarətdir ki, bizim resursumuz və torpaq sahəmiz yoxdur, olan kiçik sahəni qorumaq üçün əlimizdən gələni etməliyik. Hər il Sakit Okean hövzəsi liderlərinin toplantısı təşkil olunur, 18 dövlətin rəhbərləri Liderlərin Forumu adlanan tədbirə toplaşırlar. Buraya Avstraliya və Yeni Zelandiya da daxildir. Bu il liderlər Tonqaya səfər edəcəklər.
Zati-aliləri, zənnimcə, bu, Sizin və ya COP-un prezidentliyinin nümayəndəsinin iştirakı üçün münasib məkan olacaqdır ki, orada COP29-a baxış təqdim edilsin və Sakit okean hövzəsinin kiçik ada dövlətlərinin dəstəyi əldə olunsun. Kiçik ada dövlətləri üçün əhəmiyyətli məsələlərin Sizinlə və nümayəndələrinizlə müzakirə edilməsi imkanına görə şadıq. Bəli, bizim Kiçik Ada Dövlətləri Alyansımız var və biz BMT çərçivəsində gündəliyin təşviqində yardımçı ola bilərik. Biz Sizi və ya nümayəndənizi avqust ayının sonuncu həftəsi Tonqada görməkdən şad olardıq. Orada Sakit okean hövzəsi liderləri ilə birbaşa müzakirə aparmaq imkanı olacaqdır. Biz Azərbaycanda keçiriləcək COP29-a qədər bir neçə ay ərzində Sizinlə əməkdaşlıq etməkdən məmnun olardıq. Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident İlham Əliyev: Çox sağ olun.
Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley: Apellyasiya Məhkəməsi hakimləri arasında belə bir ifadə var – onlar özləri qərarı qəbul etmək istəməyəndə deyirlər: mən bütün deyilənlərlə razıyam. Mən də sözlərimə bununla başlamaq istərdim. Hər ölkəyə gəldikdə vəziyyət eynidir. İlk növbədə, mən hazırda digər bir dövlət səfəri ilə bağlı burada ola bilməyən hörmətli Baş nazirimiz adından üzrxahlıq diləmək istərdim. Ancaq mənə tapşırılıb ki, bu işi öz üzərinizə götürdüyünüz üçün Sizə təşəkkürümüzü ifadə edim. Baş nazirimiz payızda COP29-da iştirak etmək üçün buraya səfər edəcəkdir.