Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.
Pravda.az xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirdi, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırlatdı.
Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd etdi, bunun özünü xüsusilə COVID19 pandemiyası zamanı göstərdiyini vurğuladı. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd etdi. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğuladı. Pandemiya dövründə COVID19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.