"Şükür edirəm ki, gedib o baxçanın dibinə düşdüm (Narkotik asıllıqdan əziyyət çəkdiyi üçün baxçanın həyətində zirzəmidə yaşadığını nəzərdə tutur - red.). Hesablamışam ki, 24 il içki və narkotikdən istifadə etmişəm. Ömrümdə birinci dəfədir ki, 8 aya keçirəm və ayıq qalmışam. Bir dəfə Maştağada 21 gün müalicə almışam. Oradan çıxan kimi Buzovnalı bir tanışla danışdım. Onun əli ilə axşam saatlarında "20 Yanvar"a getdim və bir şəxsdən narkotik alıb, istifadə etdim. Ora taksi ilə getdim. Taksi sürücüsünə də 18 manat pul "atdım". Pravda.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri 24 ildir alkoqol və narkotik asılılığından əziyyət çəkən mərhum meyxanaçı və şair Nizami Rəmzinin müğənni qızı Reyhan jurnalist Nail Kəmərliyə müsahibəsində deyib.
Reyhan bildirib ki, narkotik asıllılığından qurtulmaq üçün reabilitasiya mərkəzindəki müalicələrini davam etdirir:
"Bu günkügün çölə rahatlıqla çıxıram. Müalicə aldığım reabilitasiya mərkəzinin rəhbərləri mənə güvənirlər və harasa gedib-gəlməyimə problem yaratmırlar. Mən də istəmərəm ki, onlara naxələflik edim. Hələ də mərkəzdə qalıram və sağalmağım davam edir. Yəni burada olduğum 7 ayla narkotik asıllılıqdan müalicələrim bitmir. Arada bir narkotik istifadə etmək istəyi gəlir.
Amma yadıma salıram ki, bunu etmək olmaz. Mən bu asıllılığa güc gələn və burada müalicə alıb sağalan insanlara baxıb haradasa güc alıram. Demək olmaz ki, hər gün istəyirəm, amma bu istək arada gəlir-gedir. Bununla da bərabər darıxmaq və sıxılmaq kimi hisslər gəlir. Mən heç özüm də tapa bilmirəm ki, kimin üçün darıxıram. Deyirlər ki, bu narkotik istəyinə görə baş verir".