Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığınlı qeyd etdi.
Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi və Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini dedi.
Əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini bildirən dövlətimizin başçısı son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını dedi, bunun da əlaqələrimizin möhkəmlənməsi işinə xidmət etdiyini vurğuladı.
Prezident İlham Əliyev iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artımın olduğunu deyərək, insanların qarşılıqlı gediş-gəlişinin artdığını da məmnunluqla qeyd etdi.
Dövlət başçısı Şen Yueyuenin Azərbaycana səfərinin məhsuldar olacağına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əmin olduğunu bildirdi.
Qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Uzun illərdir ki, Siz Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Çin xalqının dostusunuz. İlk növbədə, Sizə Çin Xalq Respublikasının Sədrinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim. Son illər sizin qətiyyətli və müdrik rəhbərliyinizlə Azərbaycan xalqı birlik göstərərək inkişaf yolu ilə gedir. Ölkənizdə dayanıqlı sabitlik, sürətli iqtisadi inkişaf müşahidə edilir və Azərbaycanın qüdrəti böyük dərəcə artmışdır”.
Şen Yueyue Çinin Azərbaycan xalqının öz inkişaf yolu ilə bağlı etdiyi seçimini və Azərbaycanın Cənub-Cənub xətti üzrə qlobal iqlim dəyişiklikləri ilə bağlı fəal beynəlxalq əməkdaşlığını dəstəklədiyini vurğuladı. O, dünyada Azərbaycanın nüfuzunun daim artdığını deyərək, bildirdi ki, bu, ölkəmizin yaxın dostu və etibarlı tərəfdaşı kimi Çini sevindirir.
Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan Şen Yueyue dövlət başçısının bu seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq təbriklərini çatdırdı və bunu Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətinə olan böyük dəstəyinin nümayişi kimi dəyərləndirdi. Qonaq Çin xalqının özünə yaxın hesab etdiyi Azərbaycan xalqına inkişaf yolunda yeni uğurlar arzuladı. O, Si Cinpin ilə Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı planları müəyyənləşdirdiklərini qeyd edərək iki dövlət başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qalxacağına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirdi.
Çin Xalq Respublikasının Sədrinin salamlarına, təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.
Qonaq vurğuladı ki, Çin Xalq Respublikası daim Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyib. O, “Vahid Çin” siyasətinə görə Azərbaycana təşəkkürünü bildirdi.