Bakıda “My Music” hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.
Zərərçəkənlərin ailə üzvləri TV Müsavatla əlaqə saxlayaraq, rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib.
Zəhərlənənənlərdən biri olan Cabbarlı Xəzərin yaxınları TV Müsavata bildiriblər ki, hazırda müalicəsi davam edən 2 gənc 1 saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinin reanimasiyasından çıxıblar. Onların sözlərinə görə, həkimlər də onların zəhərlənməsi ilə bağlı ilkin rəy veriblər: “Həkimlər də bildirirlər ki, sağ qalan şəxslər xəstəxanaya yerləşdirilən zaman qanlarında 75-80 faiz zəhərlənmə olub. Sağ qalanların hər ikisi - həm Cabbarlı Xəzər, həm də Cabbarlı Nicat ümumiyyətlə, spirtli içki qəbul etmirlər. Həmin gün də etməyiblər. Çaşdırıcı məqam budur ki, ortada heç bir ekspertiza nəticəsi olmadan, rəy verilmədən hadisə günü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyi zəhərlənmənin qidadan baş vermədiyini açıqladı. Hansı əsasla? Hansı araşdırmanın nəticəsinə əsaslanıb, bu açıqlama verildi?”
Ailə üzvləri bildirir ki, gənclər oteldə balıq və göbələk yeyiblər, zəhərlənməyə səbəb də məhz həmin qidalar olub. Belə ki, digər ölən şəxslər həqiqətən spirtli içki qəbul ediblər. Müsahiblərimizin dediyinə görə, həkimlər də sonuncuların ölümündə spirtli içki faktorunu xüsusi qabardıb: “Həkimlər bildirir ki, içki içəndə qan durulaşır. Bu səbəbdən də zəhərlənmə qanlarına sürətlə yayılıb. AQTA bilərəkdən bu cür açıqlama ilə zəhərlənmənin səbəbini başqa nüanslara yönləndirir. Ortada ekspertiza rəyi yoxdursa, bu açıqlamanın məqsədi nəyə hesablanıb? Gün kimi aydındır ki, oteli müdafiə etməyə. Dövlət qurumunun özünü açıq-aşkar bu cür birtərəfli aparması sadəcə təəssüf doğurur”.